Ölkənin siyasi elitası məhz Yeni Azərbaycan Partiyasında cəmləşib
Yeni Azərbaycan Partiyası hazırkı şəraitdə nəinki Azərbaycanda, ümumiyyətlə Cənubi Qafqaz regionunda ən nüfuzlu, aparıcı, kütləvi, mütəşəkkil və mütərəqqi siyasi təşkilat hesab edilir. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu bu partiya indiyədək iştirak etdiyi prezident, parlament və bələdiyyə seçkilərində birmənalı şəkildə qələbə qazanıb. Ardıcıl qələbələr xalqın böyük dəstəyi - seçicilərin böyük əksəriyyətinin məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməsi sayəsində əldə edilib. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi və Prezident İlham Əliyevin uğurlu ictimai-siyasi fəaliyyətinin xalq tərəfindən böyük rəğbətlə qarşılanması Yeni Azərbaycan Partiyasının 2015-ci ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində böyük qələbəsini qaçılmaz edir.
Alternativsiz siyasi qüvvəyə çevrilən təşkilat
Reytinq, populyarlıq, nüfuz baxımından Azərbaycanda alternativsiz siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyası seçki təbliğatına hər zaman seçicilərlə fəal iş aparır, geniş ictimiyyətin maraqlarının müdafiəsinə yönəlmiş çoxsaylı mütərəqqi sosial-siyasi təşəbbüslərlə çıxış edir. Bu gün 650 mindən artıq üzvü, milyonlarla tərəfdarı olan YAP-ın gücü, qüdrəti Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin məqsədyönlü şəkildə davam və inkişaf etdirilməsi ilə bağlıdır. Hazırda Prezident İlham Əliyevin Sədri olduğu bu partiyada ölkəmizin ən görkəmli ziyalıları, tanınmış ictimai-siyasi xadimləri, alimləri, sənətkarları, idmançıları, fəal gəncləri, bir sözlə, xalqın sayılıb-seçilən övladları təmsil olunurlar. Bu insanlar Yeni Azərbaycan Partiyasının ideya-siyasi xəttini birmənalı şəkildə müdafiə edir, partiyanın nüfuzunun daha da artması, sıralarının getdikcə daha çox genişlənməsi üçün böyük fəallıq göstərirlər.
Bu ilin noyabrının 1-də keçiriləcək parlament seçkilərinin demokratik və ədalətli keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Seçkilərdə ölkədəki əksər siyasi partiyalarla yanaşı, namizədliyini müstəqil şəkildə irəli sürən kifayət qədər insanlar var ki, onların əksəriyyətinin də deputatlığa namizədliyi qeydə alınıb. Təbii ki, namizədliyi qeydə alınan namizədlərin ümumi sayı nisbətində Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin sayı 116 nəfər olmaqla, üstünlük təşkil edir ki, bu da 650 min nəfər üzvü olan partiya üçün normal haldır. Bu baxımdan da, YAP-ın builki parlament seçkilərində də qalib gəlməsi reallıqdır. Çünki partiyanın və onun Sədrinin cəmiyyətdə olan nüfuzu, YAP-ın Azərbaycanın siyasi həyatındakı yeri və aparıcı rolu, sosial bazası və resursları parlament seçkilərində də bu partiyanın qalibiyyətini təmin etməsinə imkan verir. Belə olan halda, müxalifət nümayəndələrinin YAP-a və onun təmsilçilərinə qarşı qısqanclıq göstərməsi gözənilən haldır.
YAP seçimində heç vaxt yanılmır
Yeni Azərbaycan Partiyası, əvvəlki parlament seçkilərində olduğu kimi, ən yaxşıların içərisindən daha şanslı, layiqli olanları müəyyənləşdirməyə səy göstərib. Bununla yanaşı, söz və fikir azadlığına böyük hörmətlə yanaşan Yeni Azərbaycan Partiyası, həmişə olduğu kimi, bu dəfə də seçki reallıqlarını ciddi şəkildə nəzərə alıb. Partiyanın 9 seçki dairəsində öz namizədini irəli sürməməsi digər nüfuzlu, dövlətçilik mövqeyində duran, seçilmək şansı kifayət qədər yüksək olan populyar şəxslərə, tanınmış ziyalılara adekvat jesti kimi dəyərləndirilməlidir. Başqa sözlə, 2015-ci il parlament seçkilərində nisbi uğur qazanmaq şansları belə, çox aşağı dəyərləndirilən müxalifət bloklarından fərqli olaraq, Yeni Azərbaycan Partiyası dövlətin, cəmiyyətin, geniş ictimaiyyətin, eləcə də, əhalinin bütün təbəqələrinin maraqlarını tam nəzərə alır.
Üzvlərinin sayı yarım milyonu keçən Yeni Azərbaycan Partiyası isə bunun müqabilində kifayət qədər yekcins, monolit, alternativsiz, qələbəyə ən layiqli siyasi qüvvə sayılır. Bunu müxalifət düşərgəsinin az-çox konstruktiv mövqe tutan bütün funksionerləri açıq şəkildə qəbul və etiraf edirlər. Demokratik dəyərlərə sadiq olan, fikir və rəy müxtəlifliyini təbii qəbul edən Yeni Azərbaycan Partiyasında təşkilatçılıq, nizam-intizam çox yüksək səviyyədədir. Partiyanın hər bir üzvü çox yaxşı başa düşür ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu bir partiyadır və bu partiyanın sıravi üzvü olmaq belə, çox böyük şərəfdir. Prezident İlham Əliyevin Sədri olduğu bu partiya dövlət başçısının uğurla həyata keçirdiyi ardıcıl siyasi islahatlar və davamlı sosial-iqtisadi inkişaf strategiyasını fəal şəkildə təbliğ və təşviq edir.
Bir sözlə, hər halda, Azərbaycan xalqı öz seçimini necə edəcəyini yaxşı bilir və bu gün YAP-da 650 mindən çox insanın təmsil olunması, artıq bu seçimin kimin tərəfində olduğunu da bir daha sübut edir.
R.KAMALQIZI