Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa qeydə alınan namizədlərin seçkiqabağı təşviqat kampaniyasının aparılmasına start verilib. Bu gün səhər saatlarında başlayaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçiriləcək tədbirlərin icrasına başlanılıb. YAP Xızı rayon təşkilatından "Səs" qəzetinə verilən məlumata görə, təşkilat Milli Məclisə seçkilərin təbliğat - təşviqat kampaniyasını yüksək əhval - ruhiyyə və inamla həyata keçirmək əzmindədir. Belə ki, YAP Xızı rayon təşkilatı seçkilərə möhtəşəm hazırlıq işlərini uğurla yekunlaşdırıb və bu gün səhər saatlarından başlayaraq partiya tərəfindən namizədliyi irəli sürülənlərin plakatları seçki məntəqələrinin ərazisində quraşdırılmış təbliğat-təşviqat lövhələrinə yapışdırılıb. Bu kampaniyada YAP Xızı rayon təşkilatının gəncləri, xüsusilə fəallıq göstəriblər.
Kampaniya çərçivəsində işlər müəyyənləşdirilmiş qrafik əsasında baş tutacaq və Yeni Azərbaycan Partiyasının bu seçkilərdə növbəti möhtəşəm qələbə qazanması mütləqdir.
NƏZAKƏT