PDF Oxu

Siyasət

  • 20

"YENİ HƏDƏFLƏRƏ DOĞRU!"

"YENİ HƏDƏFLƏRƏ DOĞRU!"

YAP-ın 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizəd Nəriman Əlibala olğu Əliyevin rayon seçicilərilə görüşü keçirilib

Oktyabrın 10-da YAP Masallı rayon təşkilatı aparatında 1 noyabr Milli Məclisə seçkilərlə bağlı YAP-ın 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizəd Nəriman Əlibala olğu Əliyevin rayon seçicilərilə görüşü keçirilib. Yığıncağı giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq noyabrın 1-də səsvermə günü seçiciləri düzgün seçim etməyə səsləyib: "İnanıram ki, bu gün Azərbaycanımızın uğurlu gələcəyini düşünən hər bir seçici Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməklə düzgün seçim etmiş olacaq. Çünki bu seçim uğurlu, xeyirli və faydalı bir seçimdir".

S.Əliyev 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədi Nəriman Əlibala olğu Əliyevin həyat və fəaliyyəti ilə bağlı seçicilərə məlumat verib və YAP-ın Milli Məclisə irəli sürdüyü namizədin göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əminliyini bildirib.

S.Əliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə "YENİ HƏDƏFLƏRƏ DOĞRU!" şüarı ilə gedir: "Çünki Azərbaycanın iqtisadi yüksəlişi bu gün göz qabağındadır. Məhz YAP-ın Seçki Proqramında da bu, öz əksini tapıb.

YAP-ın veteranı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirvan Əbilov çıxışını Ulu Öndərlə bağlı xatirələrindən danışaraq YAP-ın keçdiyi keşməkeşli yollarından danışıb: "15 il Masallı rayon təşkilatının sədri kimi fəaliyyətimdə partiyanın boy sırasının artmasına və təşkilatın siyasi cəhətdən yetkin, ictimaiyyətdə fəal mövqeyi olan gənclərlə zənginləməsinə nail oldum. Rayon şöbəsinə rəhbərliyim dövründə Yeni Azərbaycan Partiyasının üzvləri Masallının ictimai həyatında böyük fəallıq göstərmiş və aparıcı mövqe tutmuşlar. Çox fərəhli haldır ki, indi təşkilatın sıraları on mini ötüb keçib. Böyük şəxsiyyət Heydər Əliyevlə altı dəfə görüşmüşəm. Bunun hər biri unudulmaz tarixi məqamdır".

Ş.Əbilov 1993-cü il fevralın 26-da isə partiyanın Masallı yerli təşkilatının təsis edildiyini deyərək bildirib ki, ölkənin çətin anları idi və belə bir çətin vaxtlarda bu gün YAP tərəfindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülən Nəriman Əliyev iş qurdu, sıfırdan başladı, respublikada tanınımış iş adamı oldu: "O, rayonda bir çox işlər görüb. Partiyaya sədaqətlidir. Onunla birlikdə işləmiş və ictimai fəallıq göstərmişik".

Masallı rayon "Ziyalılar" cəmiyyətinin sədri Qardaş Fətullayev, şəhər 1 nömrəli orta məktəbin direktoru, "Tərəqqi" medalı, respublikanın əməkdar müəllimi Mirqabil Hüseynov və başqaları çıxış edərək seçiciləri YAP-ın 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədi Nəriman Əlibala olğu Əliyevə səs verməyə çağırıblar.

Sonra çıxış edən YAP-ın 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədi Nəriman Əlibala olğu Əliyev platforması barədə danışıb. O, şəhər sakinlərinin ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib.

Görüşdə iştirak edən Masallı rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar Milli Məclisə seçkidə mövcud dövlət siyasətini dəstəkləməklə YAP-a inamını ifadə edəcək və YAP-ın 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədi Nəriman Əlibala olğu Əliyevə səs verəcəklərini bildiriblər.

Daha sonra seçicilər onları maraqlandıran məsələlərlə bağlı deputatlığa namizəd Nəriman Əliyevə müraciətlər edib, suallar veriblər.

R.KAMALQIZI

Digər xəbərlər