"Əsas məqsəd Türkiyədəki siyasi stabilliyi pozmaq və hakim partiyaya zərbə endirməkdən ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Fikrət Sadıqov Türkiyənin paytaxtı Ankarada baş vermiş terror aktı ilə bağlı danışarkən deyib.O bildirib ki, baş vermiş hadisə ilə bağlı müxtəlif ehtimallar irəli sürmək olar: "Əsas diqqət 3 obyekt üzərində cəmlənir: İŞİD, radikal solçular, və kürd terrorçuları. Lakin əsas odur ki, bu hadisəni törədən şəxslər öz məqsədlərinə çatdılar".Fikrət Sadıqovun sözlərinə görə, artıq ölkədə müəyyən siyasi böhran və çaxnaşma yaşanır: "Artıq Türkiyədə müəyyən qarşıdurmalar yaşanır. Bu Türkiyənin siyasi stabilliyinə təsir edən bir zərbədir. Lakin düşünmürəm ki, bütün bunlar Türkiyə üçün tam dağıdıcı bir amil ola bilər".Politoloq terror aktının törədilmə səbəblərini də açıqlayıb: "Əsas məqsəd ölkəni daxildən silkələmək, zəiflətmək, hakim partiyanın nüfuzunu aşağı salmaq və parlament seçkilərinə xələl yetirməkdən ibarətdir. Faktiki olaraq bu, eyni zamanda hakimiyyət və dövlət başçısına zərbədir. Bir sözlə bu hadisəni törədənlər Türkiyədəki siyasi stabilliyi pozmaq və hakim partiyaya zərbə vurmaq istəyirdilər".
sia.az