27 saylı Sabunçu İkinci Seçki Dairəsində Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədi Dilarə Məmmədağa qızı Cəbrayılovanın seçicilərlə görüşü keçirilib
Noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq millət vəkilliyinə namizədlərin təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə start götürüb. Oktyabrın 10-da 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədi Dilarə Məmmədağa qızı Cəbrayılovanın Abşeron Yüksək Gərginlik Enerji Şəbəkəsi MMN-də seçicilərlə görüşü keçirilib. YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu bildirib. Əhalinin bundan əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə əmin olduğunu vurğulayan M.Abasquliyeva Sabunçu rayonunun seçicilərinin bu prosesdə də yüksək fəallıq nümayiş etdirməyə, noyabrın 1-də seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
M.Abasquliyeva, həmçinin, namizəd Elnarə Firudin qızı Tağıyeva haqqında seçicilərə ətraflı məlumat verib.
Görüşdə çıxış edən millət vəkilliyinə namizəd Dilarə Məmmədağa qızı Cəbrayılova YAP tərəfindən Milli Məclisə deputatlığa namizədliyinin irəli sürüldüyünə görə partiyanın ona göstərdiyi etimadı doğruldacağına söz verib.
Tədbirin sonunda seçicilər çıxış edərək, hakim partiyanın namizədinə səs verəcəklərini bildiriblər.
R.HÜSEYNOVA