PDF Oxu

Siyasət

  • 24

Yeni Azərbaycanla yüksək rifaha doğru

Yeni Azərbaycanla yüksək rifaha doğru

54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin seçiciləri YAP-ın namizədini dəstəkləyir

1 noyabr parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası Azərbaycanın bütün bölgələrində uğurla davam edir. Bununla əlaqədar, Şabranda və Siyəzəndə Yeni Azərbaycan Partiyasının seçki siyahısı ilə 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyi irəli sürülən Tahir Süleyman oğlu Süleymanovun təbliğat-təşviqat kampaniyası müvəffəqiyyətlə həyata keçirilir.

Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatı YAP namizədi Tahir Süleyman oğlu Süleymanovun təşviqatı ilə əlaqədar Şabran rayonu Rəhimkənd mədəniyyət evində və Sincanboyad kənd kitabxanasında kənd sakinləri ilə görüş keçirib. Yüzlərlə yerli sakinin qatıldığı görüşü YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov açaraq, seçicilərə deputatlığa namizəd Tahir Süleymanovun fəaliyyəti barədə ətraflı məlumat verib. Təşkilat sədri 1 noyabr 2015-ci il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının uğurla gerçəkləşdirildiyini vurğulayıb. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, Tahir Süleymanovun göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu bildirib.

YAP Şabran rayon təşkilatının sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu seçkiyə ən böyük qələbəyə layiq, mütəşəkkil siyasi qüvvə kimi gedir: "Partiyamız dəfələrlə azad, şəffaf, demokratik seçkilərdə böyük səs çoxluğu ilə, alternativsiz qələbə qazanmağa qadir olduğunu təsdiqləyib. Belə ki, Yeni Azərbaycan Partiyası yarandıqdan sonra ölkədə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində birmənalı olaraq, yüksək səs çoxluğu ilə qələbə qazanıb. Bu qələbələr seçicilərin Yeni Azərbaycan Partiyasına böyük etimadı, onların mütləq əksəriyyətinin məhz YAP-ın namizədlərinə səs verməsi sayəsində əldə edilib. Belə şəraitdə partiyanın 1 noyabr 2015-ci il parlament seçkilərində inamlı qələbəsi qaçılmazdır. Çünki bu gün YAP Azərbaycanda xalqın maraqlarını dolğun, hərtərəfli şəkildə ifadə edən yeganə mütəşəkkil, alternativsiz siyasi qüvvədir".

Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov seçiciləri tərəfindən böyük səmimiyyətlə, xoş münasibətlə qarşılanıb. Millət vəkili kimi, son beş ildə uğurlu fəaliyyət göstərdiyinə, rayon əhalisinin qayğılarını, arzu və istəklərini diqqət mərkəzində saxladığına görə, yerli sakinlər ona öz minnətdarlığını bildiriblər, deputat kimi onun fəaliyyətini bəyəndiklərini, gördüyü işlərdən razı qaldıqlarını vurğulayıblar. Öz növbəsində, Tahir Süleymanov Milli Məclisin üzvü kimi fəaliyyətinin yüksək dəyərləndirilməsinə görə, seçicilərinə təşəkkür edib. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını layiqincə doğrultmağa çalışacağını bildirib.

Milli Məclis deputatlığına namizəd Tahir Süleymanov bu seçkidə namizədi olduğu partiyanın amalının "YENİ HƏDƏFLƏRƏ DOĞRU!" olduğunu vurğulayıb: "Təbliğat-təşviqat kampaniyasında belə bir şüarın başlıca hədəf kimi seçilməsi heç də təsadüfi deyil. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı, formalaşdığı andan müstəqil, milli dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi, xalqın yüksək sosial rifahı naminə fəaliyyət göstərib. Odur ki, biz məhz Yeni Azərbaycanla "YENİ HƏDƏFLƏRƏ DOĞRU!" şuarı bizi qələbələrə doğru istiqamətləndirir."

Tahir Süleymanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının növbəti dəfə seçkilərdə böyük, inamlı qələbə qazanacağına əmindir. Milli Məclis deputatlığına namizəd çıxışı əsnasında yenidən millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə seçicilərə dolğun, ətraflı məlumat verib. O, bir daha vurğulayıb ki, yenidən millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını layiqincə doğrultmağa çalışacaq.

Görüşdə çıxış edənlər Tahir Süleymanovun yenidən millət vəkili seçilməyə layiqli namizəd olduğunu bildiriblər, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin seçicilərini məhz Yeni Azərbaycan Partiyasının namizədinə - Tahir Süleymanova səs verməyə çağırıblar.

R.HÜSEYNOVA

Digər xəbərlər