PDF Oxu

Siyasət

  • 36

Yeni Azərbaycanla inamlı qələbəyə doğru

Yeni Azərbaycanla inamlı qələbəyə doğru

54 say lı Şabran-Siyəzən Seçki Dairəsinin seçiciləri YAP-ın namizədini dəstəkləyir

Milli Məclisə 1 noyabr 2015-cu il tarixində keçiriləcək növbəti seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası Azərbaycanın bütün bölgələrində uğurla davam edir. Bununla əlaqədar, Siyəzəndə Yeni Azərbaycan Partiyasının seçki siyahısı ilə 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyi irəli sürülən Tahir Süleyman oğlu Süleymanovun təbliğat-təşviqat kampaniyası müvəffəqiyyətlə həyata keçirilir.

Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı YAP namizədi Tahir Süleyman oğlu Süleymanovun təşviqatı ilə əlaqədar oktyabrın 12-də Rəhimli kənd mədəniyyət evində, Sincanboyad kənd kitabxanasında və Məşrif kəndində seçicilərlə görüşü keçirilib. Görüşü YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq seçicilərə deputatlığa namizəd Tahir Süleymanovun fəaliyyəti barədə ətraflı məlumat verib. YAP Siyəzən rayon təşkilatının sədri növbəti keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının uğurla həyata keçirildiyini vurğulayıb. Etibar Heydərov seçicilərin Tahir Süleymanovun millət vəkili kimi, son beşillik fəaliyyətindən razı qaldıqlarını qeyd edib. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, Tahir Süleymanovun göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu bildirib.

Keçirilən görüşlərdə seçicilər Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanova öz arzu və istəklərini çatdırıblar, onu yenidən millət vəkili kimi görmək istədiklərini bildiriblər. Onlar son beş ildə millət vəkili kimi, uğurlu fəaliyyət göstərdiyinə görə Tahir Süleymanova təşəkkür ediblər.

Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov Milli Məclisin üzvü kimi fəaliyyətinin yüksək dəyərləndirilməsinə görə, seçicilərinə təşəkkür edib. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını layiqincə doğrultmağa çalışacağını bildirib.

Kənd sakinləri qarşısında geniş, məzmunlu çıxış edən Tahir Süleymanov ölkədə regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılması nəticəsində Azərbaycanın hər bir yaşayış məntəqəsinin sürətlə inkişaf etdiyini vurğulayıb. Ölkəmizdə neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunun, aqrar sahənin inkişafına böyük diqqət göstərildiyini vurğulayan deputatlığa namizəd bunun ölkəmizin hərtərəfli tərəqqisinə yol açdığını deyib. Tahir Süleymanov ölkənin bütün regionlarında yeni müəssisələrin, müasir olimpiya komplekslərinin qurulmasının, yüksək dünya standartlarına cavab verən səhiyyə müəssisələrinin və sağlamlıq ocaqlarının tikilib istifadəyə verilməsinin əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sağlamlığının qorunması və möhkəmləndirilməsi baxımından, böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Tahir Süleymanov bu seçkidə namizədi olduğu partiyanın "Yeni hədəflərə doğru!" şüarı ilə getdiyini bildirib və Yeni Azərbaycan Partiyasının parlament seçkilərində böyük, inamlı qələbə qazanacağına əmin olduğunu vurğulayıb.

R.HÜSEYNOVA

Digər xəbərlər