"Səs" qəzetinin redaksiyasında bu mövzuda dəyirmi masa keçirildi
Ənənəvi olaraq, "SƏS" qəzetinin redaksiyasında keçirilən və ölkəmizin ictimai-siyasi həyatında mühüm prosesləri əhatə edən dəyirmi masalar böyük ictimai marağa səbəb olur. Keçirilən dəyirmi masalarda ictimai müzakirəyə çıxarılan məsələlər və bunun ətrafında aparılan diskussiyalarda iştirak edən Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrini təmsil edən şəxslər prosesləri daha aydın formada geniş oxucu auditoriyasına çatdırılmasını təmin edirlər. Bu baxımdan da, illərdir ki, qəzetin redaksiyasında keçirilən dəyirmi masalarda hökumət və dövlət nümayəndələri, millət vəkilləri, cəmiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən şəxslər müzakirəyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr qururlar.
Bildiyimiz kimi, noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçirilir və budəfəki dəyirmi masa məhz ölkəmizin həyatında ictimai-siyasi hadisə olan seçkilərə həsr olunub. "Parlament seçkiləri: reallıqlar və perspektivlər" adı altında keçirilən dəyirmi masada Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən 19 saylı Nərimanov rayonu Seçki Dairəsindən namizədliyi qeyd alınmış Hikmət Baba oğlu Məmmədov, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınmış Elman Xudat oğlu Nəsirov, 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi qeydə alınmış Şəmsəddin Hikmət oğlu Hacıyevin səlahiyyətli nümayəndəsi Muxtar Nağıyev, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyi qeydə alınmış Tahir Süleymanovün səlahiyyətli nümayəndəsi İlham Ağayev, eləcə də müstəqil şəkildə 71 saylı Masallı kənd Seçki Dairəsindən namizədliyi qeydə alınmış Elmira Axundova və 123 saylı Kəlbəcər Seçki Dairəsindən naizədliyi qeydə alınan Ramiz şükür oğlu Alıyev iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsini müdiri İlham Əliyev redaksiyada təşkil olunan dəyirmi masalarda müzakirə olunan məsələlərin cəmiyyət və ölkə həyatında əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, bu gün cəmiyyətimiz onu əhatə edən istənilən prosesə laqeyd qala bilmir: "Bunun bariz nümunəsi kimi noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı və ümumiyyətlə, bu proses haqqında bilgi əldə etmək istiqamətində cəmiyyətimizin aktivliyi nəzərəçarpacaq səviyyədədir. Bu isə ölkəmizdə azad və ədalətli formada keçirilən seçki prosesinə vətəndaşın inamından qaynaqlanır. Çünki artıq hər bir Azərbaycan vətəndaşı öz seçimini daha düzgün və düşünülmüş istiqamət xətti üzrə qura bilir. Ona görə də, bu gün ölkə həyatında baş verən hər bir hadisəyə daha obyektiv və lazımi qiymət verilir".
Qəzetin əməkdaşı dəyirmi masada cəmiyyət üçün və ümumiyyətlə, ölkəmizin ictimai-siyasi mənzərəsini özündə əks etdirən proseslərin müzakirəsi baxımından maraqlı müzakirələrin aparılacağına inamını ifadə etdi. O, dəyirmi masa iştirakçılarının diqqətinə "Parlament seçkiləri uğurlar və perspektivlər" mövzusu ətrafında qarşılıqlı müzakirələr aparıb, münasibətlərin bildirilməsinin vacibliyini qeyd edib.
AZƏRBAYCANDAKI SEÇKİ MÜHİTİNİ ÖLKƏDƏKİ İCTİMAİ-SİYASİ PROSESİN TƏRKİB HİSSƏSİ KİMİ QİYMƏTLƏNDİRMƏK LAZIMDIR
ELMİRA AXUNDOVA:
- İlk öncə, "Səs" qəzetinin redaksiyasına belə bir mövzu ətrafında müzakirələr təşkil etdiyinə görə, minnətdarlığımı çatdırmaq istəyirəm. Qeyd edim ki, bu cür müzakirələrin cəmiyyət üçün çox böyük və xüsusi əhəmiyyəti vardır. Azərbaycandakı seçki mühitini, seçki prosesini ölkədəki ictimai-siyasi prosesin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Ölkəmizdə ictimai-siyasi proseslər hansı istiqamətdə gedirsə, məhz seçkilərdə bu prinsip açıq şəkildə özünü göstərməlidir. Digər bir tərəfdən ölkəmiz müstəqillik əldə etdikdən sonrakı illərdə qazandığı seçki təcrübəsi, seçki ənənəsi, seçkilərin keçirilməsi üçün lazım olan hüququ bazanın yaradılması, maddi-texniki bazanın formalaşdırılması, insan resurslarının bu prosesə cəlb edilməsi seçkilərin demokratik keçirilməsini təmin edən amillərdən biridir.
Mühitin daha şəffaf olmasına, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunmasını istəyən bütün qüvvələr Azərbaycanda seçki prosesinə öz dəstəyini birmənalı şəkildə göstərməlidilər. Çünki bu proses birbaşa vətəndaş mövqeyinə və cəmiyyətin iradəsinə hesablanan məntiqin nəticəsində reallığa çevrilir. Düşünürəm ki, seçkilərin azad və ədalətli keçirilməsi, insanların öz iradəsini ifadə etmək üçün seçki məntəqələrinə gələrək, səsvermə hüququndan istifadə etməsi Azərbaycanda demokratik prinsiplərin təminatına böyük bir töhfə verir.
Mən daima seçicilərlə ünsiyyətdə oluram. Seçicilərim informasiya bazası cəhətdən çox zəngin insanlardır. 2005-ci ildə Masallıda heç 20% qazlaşdırma yox idi. Masallıda son 10 ildə qazlaşdırma 80-90 % ə çatıb. Ən ucqar kəndlərimiz qazla təmin olunmuşdur. Yeni xəstəxanalar, məktəblər tikilmiş və yaxud yenidən təmir olunmuşdur. Ən böyük problemimiz gənclərimizin işlə təmin edilməsidir. Baxmayaraq ki, rayonumuz turizm imkanları cəhətdən geniş imkanlara sahibdir. Amma turizm potensialımız tamamilə realizə olunmayıb. Rayonumuzda Cənab Prezidentin birbaşa dəstəyi ilə Turizm Kolleci yaradılmışdır. Çayçılıq təsərrüfatımızı və ümumiyyətlə, çay mədəniyyətimizi bərpa edirik. Artıq seçicilərimi tək məişət problemləri deyil, həmçinin ümumregional məsələlər də narahat edir. Bu məsələlər sırasında ərzaq təhlükəsizliyi, dini ekstremizm, erkən nikahlar və s. öndə dayanır. Fəaliyyətim dövründə rastlaşdığım bir sıra problemlərin həllinə nail olmağa çalışacağam. Biz deputatlar hakimiyyətlə insanlar arasında amortizator rolunu oynamalıyıq. Bu baxımdan, seçicilərimiz qarşısında məsuliyyət daşıyırıq.
2015-Cİ İL PARLAMENT SEÇKİLƏRİ HƏM DƏ SİYASİ MƏDƏNİYYƏTİMİZDƏ YENİ BİR MƏRHƏLƏ - KEYFİYYƏT MƏRHƏLƏSİ KİMİ YADDA QALACAQ
HİKMƏT BABAOĞLU:
- Ölkədə Yeni Azərbaycan Partiyası xüsusi çəkiyə malik olan partiyadır. YAP hər zaman dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində vətəndaşları böyük həqiqətlərə inandırmağı bacaran siyasi qüvvədir. YAP həmişə sabitliyin, ölkədə stabilliyin möhkəmləndirilməsi, dövlətçilik siyasətinin qorunması istiqamətində siyasi cəhətdən mükəmməl partiya kimi diqqətdədir. Bütün seçkilərdə partiyanın həyata keçirdiyi hazırlıq işləri nəticələr verib və qələbə qazanıb, namizədləri hər zaman əhali tərəfindən dəstək alıb. Bu gün ölkəmiz parlament seçkiləri ərəfəsindədir. Çox ciddi resurslara malik olan YAP tərəfindən mənim Milli Məclisə namizədliyimin qeydə alınması ictimai-siyasi fəaliyyətimə ayrılan diqqətdir. Təbii ki, partiyanın üzvləri sırasında minlərlə namizədliyə layiq olanlar var. Əgər partiya tərəfindən mənim namizədliyim irəli srülübsə, bu, mənə göstərilən etimaddır. Partiyanın rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Bildiyimiz kimi, Azərbaycanın özünəməxsus milli-siyasi mədəniyyət formulu var ki, o da kifayət qədər intellektual əsaslara söykənir və kifayət qədər ədalətlidir. Hər bir Azərbaycan vətəndaşının, hər bir seçicinin və seçilənin bəxti onda gətirib ki, ölkəmizdə ədalətli sosial mühit, ədalətli siyasi sistem formalaşıb. Fəxr hissi ilə qeyd edirəm ki, bu gün mən Milli Məclisin seçkilərinə namizədəm, həmçinin də parta arxasında dərs dediyim, hər zaman verdiyi cavablardan məmnun qaldığım tələbəm də namizəddir. Baxın, vətəndaş bərabərliyi budur. Hüquq sisteminin, siyasi sistemin ədaləti buradan başlayır. Yəni hər bir vətəndaşın inamı var ki, mövcud siyasi sistem, mövcud seçki sistemi onu parlamentə apara bilər. Bu inam olmasaydı, bu gün parlamentin 125 yerinə 1300-ə yaxın insan namizədliyini irəli sürməzdi. O cəmiyyət inkişaf edir ki, o, açıq siyasi sistemə, sosial sistemə sahibdir. Biz Azərbaycanın siyasi sistemini açıq siyasi sistem kimi səciyyələndirdik və qeyd etdik ki, burada inam var, ictimai etimad, siyasi etibarlılıq var. Ən əsası odur ki, hüquqi mexanizm işləkdir. Təəssüf ki, bəzi hallarda bu sistemin verdiyi imkanları istismar etmək istəyən qüvvələr də mövcuddur. Mən onları müxalifət kimi səciyyələndirmək istəmirəm. Çünki müxalifət özünəməxsus bir institutdur. Hər cəmiyyətdə mövcud olması vacib olan bir institutdur. Azərbaycanda da müxalifət var və onlar cəmiyyətin siyasi tələblərinə uyğun şəkildə bir-biriləri ilə əməkdaşlıq, tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Həmçinin də Azərbaycan Parlamentində təmsil olunurlar. Ancaq bir də var ki, marginal qruplar dediklərimiz. Bunlar siyasi sistemi istismar vasitəsinə çevirməyə cəhd edirlər. Bu, yolverilməzdir. Bütövlükdə hesab edirəm ki, bunların sayı azdır, fəaliyyətləri nə Azərbaycanın siyasi mədəniyyətinə, nə də ki, seçki mədəniyyətinə xələl gətirəcək maştabda deyil. Ona görə də düşünürəm ki, 2015-ci il parlament seçkiləri həm də siyasi mədəniyyətimizdə yeni bir mərhələ-keyfiyyət mərhələsi kimi yadda qalacaq. Buna əminik. Hər bir namizədə, o cümlədən də namizədliyimi irəli sürdüyüm dairədən 8 rəqibimin hər birinə ədalətli mübarizə arzu edirəm. Kim qalib gələcəksə, ona uğurlar arzu edirəm.
"SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:
- Bu gün Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün münbit şərait mövcuddur. Gənclərimiz də parlament seçkilərində təmsil olunurlar. Parlament seçkilərinə namizədliyi irəli sürülən gənc kimi fikirlərinizi bilmək maraqlıdır.
HƏR BİR MİLLƏT VƏKİLİ İLK NÖVBƏDƏ SEÇİCİLƏRİNİN SƏSİ OLMALI, HƏR BİRİNİN PROBLEMİNİN HƏLLİNƏ ÇALIŞMALIDIR
RAMİZ ALIYEV:
- Azərbaycan gənci olaraq ilk olaraq deyim ki, bu gün Azərbaycan güclü dövlət, lider bir ölkə olduğundan qürurlanırıq. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyanın stabil dövlətlərindən birinə çevrilib. Bu stabillik nəticəsində ictimai həyatın bütün sahələrində tərəqqi əldə olunub. Həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır. Son illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən yüksək templəri ilə inkişaf etmişdir. Şübhəsiz ki, bu inkişafın təməlində uğurlu iqtisadi və siyasi islahatlar, Azərbaycanda aparılan uğurlu neft siyasəti dayanır. Bu gün heç bir dövlət Azərbaycan layihələrinə müdaxilə edə bilmir. Bu, Prezidantimizin böyüklüyü, müdrikliyi, iradəsi, Liderliydir.
Müstəqil Azərbaycanın bizə verdiyi hüquqdan istifadə edərək hər bir gəncin seçmək və seçilmək hüququ var. Belə ölkədə yaşayan hər bir kəs 1 noyabrda seçki məntəqəsinə gedərək layiqi namizədlərə səs verəcəklər. Mənim namizədliyim 123 saylı Kəlbəcər Seçki Dairəsindən irəli sürülüb. Bir çox rayonlardan fərqli olaraq qaçqın və köçkünlərin təmsil olunduğu dairələrdən namizədliyin irəli sürülməsi fərqli gündəmə gəlir. Mən Azərbaycan Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti əhali arasında təbliğ edirəm. Hesab edirəm ki, hər bir millət vəkili seçicilərinin səsi olmalı, hər birinin probleminin həllinə çalışmalıdır. Eyni zamanda, seçiciləri ilə mütəmadi əlaqə saxlamlıdır.
Bizə etimad göstərilərsə, hər bir addımımızla Azərbaycanı layiqli təmsil edəcəyik. Ən çox fəaliyyətimi bizim məcburi köçkünləri və qaçqınların öz vətənlərində qoyub gəldiyi maddiyyatını, mülklərini Ermənistan Respublikası tərəfindən tələb etmək istiqamətində quracağam. Hesab edirəm ki, əgər seçilərəmsə, bu təşəbbüsü qaldıraraq, bəyatanla Avropa Parlamentinə və Avropa Şurasına təqdim edəcəyəm.
MƏNƏ ETİMAD GÖSTƏRƏN HƏR BİR SEÇİCİNİN DEPUTATI OLMAĞA ÇALIŞACAĞAM
ELMAN NƏSİRLİ:
- Yeni Azərbaycan Partiyası seçkilərə "Yeni hədəflərə doğru şüarı" ilə gedir. Hədəflərimiz isə bəllidir. İlk növbədə, Yeni Azərbaycan Partiyasının ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, onun qorunub-saxlanması əsas hədəflərindəndir. Partiyanın hər bir namizədi bu istiqamətdə öz platformasının mühüm tərkib hissəsi kimi fəaliyyət göstərir. Eyni zamanda, bizim ən mühüm hədəflərimizdən biri heç şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə beynəlxalq hüquq çərçivəsində nail olmaqdır. Azərbaycan Dağlıq Qarabağa ərazi bütövlüyümüz çərçivəsində müxtariyyət verməyə hazır olsa da, qarşı tərəf buna getmir. İndiki vəziyyətin məsuliyyəti, birinci növbədə Emənistanın, ikinci növbədə ATƏT-in Minsk Qrupunun üzvlərinin üzərinə düşür. Biz əsasən, bunun həllinə var gücümüzlə çalışmalıyıq. Digər bir tərəfdən neftdən asılılığı minimuma endirmək, iqtisadiyyatımızın şaxələndirilməsini daha da intensivləşdirməliyik. Əsas hədəflərimiz bunlardır.
Bu gün Azərbaycan istər bölgədə, istər də dünyada söz sahibinə çevrilib. Uzaq keçmişi demirəm, bir neçə il bundan əvvəl, 155 dünya dövlətinin dəstəyi ilə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu böyük etimad Azərbaycanın həyatında çox önəmli tarixi hadisədir.
Dinamik inkişafda olan ölkəmiz dünya miqyasında iqtisadi böhranların, ictimai-siyasi problemlərin mövcud olduğu şəraitdə inkişaf tempini qoruyub saxlayır. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda müşahidə olunur. Bu gün Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrilib. Dinamik inkişaf edən ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkandır. Bütün bunlar ölkədə ardıcıl aparılan uğurlu siyasətin məntiqi nəticəsidir.
Əgər mənə etimad göstərilərsə, mən də Azərbaycanın gələcək inkişafı naminə bütün qüvvəmlə çalışacağam. İrəli sürüldüyüm dairədə 38 mindən artıq seçici var. Çalışacağam ki, onlar mənə etimad gösətərsinlər. Hər bir seçicinin deputatı ola bilim.
AZƏRBAYCANDA ARDICIL OLARAQ HƏYATA KEÇİRİLƏN SOSİAL MƏZMUNLU SİYASƏT MƏHZ ÖLKƏNİN İQTİSADİ-MALİYYƏ İMKANLARININ ARTMASINA ƏSASLANIR
MUXTAR NAĞIYEV:
- YAP tərəfindən 29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüş Şəmsəddin Hacıyevin səlahiyyətli nümayəndəsi olaraq çalışacağam ki, onun fikirlərini, fəaliyyətini, məqsədini sizlərə çatdıram. Şəmsəddin Hacıyev ölkəmizdə kifayət qədər tanınan ziyalıdır. Həm iqtisadçı-alim kimi, həm də ictimai-siyasi xadim olaraq tanınıb. Bildiyimiz kimi, "Təhsil qanunu" onun fəaliyyəti nəticəsində qüvvəyə minib. İqtisadçı-alim kimi Azərbaycanın beynəlxalq iqtisadiyyatda yerini tapmasına öz töhfələrini verib və bundan sonrakı elmi-ictimai fəaliyyətində də bu amillərə söykənəcək. Bunun üçün ölkəmizdə yüksək şərait mövcuddur. Ölkəmizdə bütün sahələrdə, o cümlədən, uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət son illərdə Azərbaycanın dinamik inkişafını təmin edib və respublikamızı dünyanın qabaqcıl ölkələri sırasına çıxarıb. İqtisadi potensialını ilbəil genişləndirən Azərbaycan, eyni zamanda, güclü maliyyə resurslarına malik olan ölkəyə çevrilib.
Azərbaycanda ardıcıl olaraq həyata keçirilən sosial məzmunlu siyasət məhz ölkənin iqtisadi-maliyyə imkanlarının artmasına əsaslanır. Ölkədə makroiqtisadi sabitliyin qorunması sosial siyasətin daha məzmunlu olmasında, əhalinin yüksək rifahının təmin edilməsində mühüm rol oynayır. Azərbaycanda sosial siyasətin daha məzmunlu olmasını, əhalinin yüksək rifahının təmin edilməsini şərtləndirən amillər sırasında ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm rola malik faktor kimi çıxış edir. Onu da qeyd edim ki, son illərdə respublikamızda məqsədyönlü surətdə həyata keçirilən siyasət sayəsində ölkədə inflyasiya aşağı səviyyədə qalır, əhalinin pul gəlirləri də əhəmiyyətli dərəcədə artır və beləliklə də, insanların rifah halı yüksəlir.
Həmçinin, geniş sosial infrastruktur layihələrinin reallaşdırılması son illərdə Azərbaycanın inkişaf mənzərəsini tamamlayan əsas cəhətlərdəndir.
Görülən işlər və əldə olunan nailiyyətlər seçiciləri gələcək inkişafımız üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə sövq edəcək. Ş.Hacıyevə etimad göstərilərsə, əvvəlki beşillikdə olduğu hər zaman seçicilərinin yanında olacaqdır.
DEMOKRATİYANIN İFADƏSİ, GÖSTƏRİCİSİ OLAN SEÇKİLƏR DEMOKRATİK, SABİT ÖLKƏLƏRDƏ YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLİR
İLHAM AĞAYEV:
- Mən Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən Tahir Süleymanovun səlahiyyətli nümayəndəsiyəm. Artıq 4-cü dəfədir ki, Yeni Azərbaycan Partiyası tərəfindən onun namizədliyi irəli sürülür.
Bu gün müzakirə olunan məsələ, həqiqətən də aktual olan məsələdir. Etiraf edək ki, parlament seçkilərinin işıqlandırılmasında mətbuatın rolu müstəsnadır. Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi proseslərə diqqət artıb. Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına başlanılıb. Ölkədə yaranmış ab-hava və seçkilərin demokratik və şəffaf keçirilməsi üçün dövlət tərəfindən yaradılmış şərait seçki prosesinin kifayət qədər canlı və demokratik keçəcəyinə əsas verir.
Ümumiyyətlə, seçkilər hər bir ölkənin siyasi həyatında çox mühüm amildir. Seçkilər, həmçinin demokratiyanın bir ifadəsi, göstəricisidir. Təbii ki, demokratik, sabit ölkələrdə seçkilər yüksək səviyyədə keçirilir. Azərbaycanda sivil, intellektual cəmiyyət formalaşıb və bu cəmiyyət dünyada baş verən prosesləri yaxşı dərk edir. Ona görə də, bizim ən böyük uğurlarımızdan biri olan sabitliyin qorunmasına bütün cəmiyyət dəstək verir.
Bütün bunların əsasında da əminliklə deyə bilərik ki, cəmiyyətimiz növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir. Artıq ölkə vətəndaşları, siyasi partiyalar seçki kampaniyalarını həyata keçirirlər. Azərbaycanda keçirilən bütün seçkilərdə mübarizə aparan tərəflərə bərabər imkanlar yaradılır.
Ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP uğurlu seçki kampaniyası həyata keçirməkdədir. İnamla deyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi YAP xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir. İnanırıq ki, qarşıdan gələn parlament seçkiləri də partiyanın namizəldəri üçün üçün çox uğurlu olacaq. Həm əldə etdiyimiz təcrübə, həm də uğurlu seçki kampaniyasının aparılması bunu deməyə əsas verir.
Nəzakət ƏLƏDDİNQIVZI