"Cənub" qaz dəhlizi layihəsinin reallaşması üçün lazımi razılıqlar alınıb, bütün öhdəliklər yerinə yetirilib və nəql olunacaq qazın alıcıları ilə müqavilələr imzalanıb. Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə deyib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsindəki səhmləri dünyanın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs"a satması məsələsinə münasibət bildirən M.Brayzə qeyd edib ki, dünya bazarında neftin qiymətinin ucuzlaşdığı bir zamanda SOCAR-ın bu addımı atması başa düşüləndir.
Azərbaycanın "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın uzunluğu təxminən 1850 kilometrdir. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
"Cənub" qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən "Trans-Adriatik" (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub" qaz dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.
yap.org.az