Bu gün 13 oktyabr 2015-ci il tarixində Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması münasibətilə tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirdə QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, İdarənin yerlərdəki səlahiyyətli nümayəndələri, Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Bakı İslam Universitetinin müəllim-tələbə heyəti iştirak edir. Tədbiri giriş sözü ilə açan QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ilk öncə İdarənin ağsaqqalı, sədr müavini, Heydər məscidinin sədri Hacı Sabir Həsənlini anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik etdi, ona Allahdan can sağlığı arzu etdi. Şeyxülislam Sabir Həsənlinin İdarənin fəaliyyət tarixində yeri, xarici əlaqələrinin qurulmasında rolu barədə danışdı.Daha sonra Şeyxülislam Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı yeni 1437-ci hicri ilinin təqvimini təqdim etdi.Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMi) Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada qeyd olunub ki, Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirir ki, yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə, Aşura günü isə oktyabrın 24-nə təsadüf edir.
sia.az