Sabunçu gəncləri qarşıdakı parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildirdilər
Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı YAP-ın deputatlığa namizədi Dilarə Məmmədağa qızı Cəbrayılovanın təşviqatı ilə əlaqədar rayon təşkilatının Seçki Qərargahında gənclərlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə namizədin səlahiyyətli nümayəndəsi, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva açaraq, Milli Məclis üzvlüyünə namizəd Dilarə Məmmədağa qızı Cəbrayılovanın həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib: "Partiyanın rayon təşkilatı həmişə ölkədə keçirilən bütün seçkilərə ciddi şəkildə, qələbə əzmi ilə hazırlaşır. Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı partiyanın "Yeni hədəflərə doğru!" şüarını rəhbər tutaraq, namizədlərin təbliğatını fəal şəkildə həyata keçirir. Seçicilərin YAP namizədlərinin təşviqatında, xüsusilə gənclər fəal iştirakı göstərir ki, biz bu seçkidə də mütləq səs çoxluğu ilə qələbə qazanacağıq. Çünki 1 noyabr parlament seçkilərinə yeni texnologiya ilə, layiqli namizədlərlə, ən başlıcası isə Ümummilli Lider Heydər Əliyev ideyaları ilə gedirik".
M.Abasquliyeva, həmçinin onu da vurğulayıb ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Biz şahidi oluruq ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır və bu təbəqə cəmiyyətin avanqard, aktiv qüvvəsinə çevrilib.
Deputatlığa namizəd Dilarə Cəbrayılova görüşdə öz seçki platforması barədə seçicilərə geniş məlumat verib. Dilarə Cəbrayılova müvafiq dairədə hər bir seçicinin, o cümlədən hər bir gəncin səsini qazanmaq üçün çalışdığını, seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağına inandığını və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib.
Görüşdə çıxış edən gənclər namizədlə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar, öz qayğılarını və arzularını dilə gətiriblər.
Rəfiqə HÜSEYNOVA