Abşeron rayonu Pereküşkül qəsəbəsi və Xırdalan şəhərində məskunlaşan laçınlı seçicilərlə YAP-ın namizədi Mahir Tapdıq oğlu Abbaszadənin görüşü keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Tapdıq oğlu Abbaszadə Abşeron rayonu Pereküşkül qəsəbəsində və Xırdalan şəhərində məskunlasan laçınlı seçicilərlə görüşüb.
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərdə irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla və yüksək mütəşəkkilliklə davam edir. Kampaniya çərçivəsində növbəti görüş Abşeron rayonunda yaşayan laçınlı seçicilərlə baş tutub. Seçicilər Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclisə namizədi Mahir Tapdıq oğlu Abbaszadəylə görüşə böyük maraqla və mütəşəkkilliklə toplaşıblar. Görüşü açıq elan edən Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri Aqil Nəzərli partiyanın namizədi ilə görüşə belə böyük maraq göstərdikləri üçün seçicilərə minnətdarlığını bildirib. O, daha sonra Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Abbaszadə haqqında seçicilərə məlumat verib.
Sonra çıxış edən rayon ağsaqqalları və ziyalıları Varaşil Məmmədov, Əmirxan Zeynalov, Haqverdi Təhməzov, Namiq Ağayev, Afərim İsmayılova, Murad Hüseynov, Tahir Salahov, Rüstəm Həsənov və başqaları çıxış edərək 121 saylı Laçın Seçki Dairəsindən seçkilərdə ən şanslı namizəd - YAP-ın namizədi Mahir Abbaszadənin olduğunu vurğulayıblar.
Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclisə namizədi Mahir Abbaszadə isə çıxışında onunla görüşə gəlmiş bütün seçicilərə təşəkkürünü bildirərək başlayıb. O, daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb. Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs Azərbaycana çox böyük uğurlar qazandırıb. Daha sonra millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barəsində də məlumat verən Mahir Abbaszadə deyib ki, millət vəkilinin ən əsas vəzifəsi ölkəmizin inkişafı üçün daha mütərəqqi, daha işlək qanunların qəbuluna çalışmasıdır: "Mən də bu sahədə fəal olacağam. Həmçinin hər bir seçicimizin problemlərinə öz problemim kimi yanaşacaq, onların həllində səylərimi əsirgəməyəcəyəm. Mən inanıram ki, sizlərin xatirində, sözün həqiqi mənasında, yaxşı millət vəkili kimi qalacağam".
RƏFİQƏ HÜSEYNOVA