84 saylı Füzuli Seçki Dairəsindən V çağırış Milli Məclisin deputatlığına YAP-ın namizədi olan Bahar Əvəz qızı Muradovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü Füzuli rayonunun inzibati mərkəzi olan Horadiz şəhərindəki Muğam Evində təşkil olunubdur. 400-dən artıq seçicinin iştirak etdiyi tədbir yüksək əhval-ruhiyyə şəraitində keçib. Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova Bahar Muradovanın həyat və fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verdi və onun vəkillərini görüş iştirakçılarına təqdim etdi. Təşkilatın sədri və vəkillər öz çıxışlarında V çağırış parlament seçkilərini böyük siyasi və əlamətdar hadisə kimi dəyərləndirərək Azərbaycanın bugünkü həyatında onun əhəmiyyətini xüsusi qeyd etdilər. Çıxışlarda vurğulandı ki, respublikamız müstəqillik əldə etdiyi müddət ərzində, xüsusilə də Ümummilli Liderimiz Heydər Əliyevin və Onun ideyalarını yorulmadan, əzmlə və uğurla davam etdirən Cənab İlham Əliyevin rəhbərliyi dönəmində ölkəmiz həm siyasi, həm də sosial-iqtisadi baxımdan böyük bir yol keçib, dünya xəritəsində özünəməxsus nüfuza sahib çıxıb. Bütün bunların ideoloji sütununu isə Ulu Öndər Heydər Əliyev dühasından yaranmış və bu gün 600 mindən artıq siyasi orduya malik YAP təşkil edir. Ona görə də partiyanın namizədi olan Bahar Muradovanın bu bölgədən seçkilərə qatılması böyük bir etimad kimi qəbul olunur. Vəkillər Bahar Muradovanın 2000-ci ildən bəri Milli Məclisdə Füzuli seçicilərini ləyaqətlə təmsil etdiyini, parlamentin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində bütün səviyyələrdə, o cümlədən müxtəlif beynəlxalq qurumlarda Azərbaycanın haqq sözünü uğurla müdafiə etdiyini, siyasi elmlər üzrə fəlsəfə doktoru kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və digər məsələlərə dair elmi-analtik fəaliyyətini tədbir iştirakçılarının nəzərinə çatdırdılar və onları bu seçkilərdə məhz Bahar Muradovaya səs verməyə çağırdılar.
Seçkilərdə rayon Ağsaqqalar Şurasının sədri Məcnun Namazəliyev, şəhid ailəsinin üzvü Fəridə Quliyeva, təqaüdçü Tehran Hacıyev, gənc müəllimə Gülbahar Eyvazova və Nəriman Nəsirov söz alaraq ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini və məhz buna görə də YAP-ın namizədlərinə səs verəcəklərini bildirərək Bahar Muradovanın böyük səs çoxluğu ilə qələbə qazanacağını əminliklə ifadə etdilər. Namizədi müxtəlif cəhətdən xarakterizə edən seçicilər YAP-ın ideyalarının ardıcıl olaraq həyata keçirilməsində göstərdiyi fəaliyyətini bəyəndiklərini ifadə edərək ona bu siyasi kampaniyada uğurlar arzuladılar.
Seçiciləri qarşısında çıxış edən Bahar Muradova görüş iştirakçılarını salamlayaraq YAP-ın namizədi olaraq ona göstərilən etimada görə partiya rəhbərliyinə və hal-hazırda parlamentdə təmsil etdiyi Füzuli rayonunun seçicilərinə minnətdarlığını bildiribdir. O, ölkə Prezidenti və YAP-ın Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan dövləti və Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti barədə danışaraq hər kəsi ölkəmizin taleyinə biganə qalmamağa, Ümummilli Lider Heydər Əliyev yadigarı olan YAP-ın ideologiyasına sadiq qalmağa çağırmışdır. O, eyni zamanda son illər ərzində respublikamızda görülmüş işlər və dünyada baş verən prosseslər barədə məlumat vermiş və ölkə rəhbərliyinin bununla bağlı mövqeyini tədbir iştirakçılarına açıqlamışdır. Bahar Muradova, eyni zamanda parlament seçkilərində hər kəsi fəal olmağa çağırmış və seçki günü öz iradələrini seçki məntəqələrində ifadə etməyə dəvət etmiş, seçildiyi halda isə öz seçicilərinin etimadını layiqincə doğrultmaq üçün bütün səy və bacarığını əsirgəməyəcəyini bildirdi.
Sonda tədbir iştirakçıları və partiya fəalları Bahar Muradova ilə kollektiv şəkil çəkdirdilər.
R.KAMALQIZI