Bərdə Peşə Liseyində noyabrın 1-də Milli Məclisə seçkilərdə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin rəisi Anar Şahbazov seçkilərdə ilk dəfə iştirak edəcək gəncləri təbrik edib, parlament seçkilərinin azad, demokratik və ədalətli şəkildə keçirilməsi üçün ölkəmizdə görülən işlərdən danışıb. Bildirib ki, müxtəlif seçki subyektlərinin maarifləndirilməsi, seçicilərin məlumatlandırılması və onların konstitusion hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün müxtəlif tədbirlər həyata keçirilir. Seçkilərdə ilk dəfə səs verən gənclərlə görüşün keçirilməsi də bu qəbilədən olan tədbirlərdəndir.Gənclər və idman idarəsinin baş məsləhətçisi Aydın Qasımov isə parlament seçkilərinin tarixi, seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlardan bəhs edib.Ukraynanın Vinnitsa vilayətinin Ukrayna-Azərbaycan Gənclər Təşkilatının sədri Adil Aydınoğlu çıxışında gənclərimizin ölkədən kənarda da öz fəallıqları ilə seçildiyini bildirib və onları seçkilərdə mütəşəkkil olmağa çağırıb.93 saylı Bərdə şəhər seçki dairəsinin 10 saylı seçki məntəqəsinin katibi Vüsal Məmmədov gənclərə seçki prosesinin gedişi, səsvermə proseduru və qaydaları barədə məlumat verib.Tədbirdə seçkilərdə ilk dəfə iştirak edəcək gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara seçkilərlə bağlı hazırlanmış yaddaş kitabçaları və bukletlər paylanılıb.
AZƏRTAC