Prezident İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il oktyabrın 1-dən 30-dək müddətli hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Ağdaş rayonunda da hərbi xidmətə çağırış davam edir.AZƏRTAC xəbər verir ki, bu münasibətlə Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.Rayon icra hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidənin önünə gül dəstələri düzüblər.Rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri, müharibə veteranları, hərbçilər, valideynlər və gənc çağırışçıların iştirak etdiyi mərasimdə Dövlət himni səsləndirildikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Sadiq İsmayılov çıxış edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıb. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi bildirilib.Qeyd edilib ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. S.İsmayılov çağırışçı gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını vaxtında yerinə yetirməyi, hərbi texnikanın sirlərinə dərindən yiyələnməyi tövsiyə edib.Sonra rayon icra hakimiyyətinin məsul işçisi Qalib Həsənov, rayon ağsaqqallar şurasının sədri Rafiq Nəbiyev, rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, valideyn Famil Zeynalov çıxış edərək gənclərin hərbi xidmətə böyük həvəslə getdiklərini, ordumuzda əsgərlərə qayğının ən yüksək səviyyədə olduğunu bildirib, çağırışçı gənclərə hərbi xidməti uğurla keçməyi arzulayıblar.Konsert proqramından sonra gənclər üçrəngli bayrağımızı öpüb, müqəddəs "Qurani-Kərim" kitabının altından keçiblər. Çağırışçı gənclər valideynləri və yaxınları ilə görüşərək ordu sıralarına yola düşüblər.
AZƏRTAC