PDF Oxu

Siyasət

  • 20

Dünya Azərbaycan haqqında nə düşünür?

Dünya Azərbaycan haqqında nə düşünür?

İlham Əliyev: "Torpaqlarının bir hissəsi işğal altında olduğu halda, bu qədər yüksək səviyyəli siyasət yürütmək hər ölkənin bacaracağı bir iş deyil"

Azərbaycan Cənubi Qafqazda söz sahibi olmaqla yanaşı, eyni zamanda beynəlxalq aləmdə də böyük nüfuza malikdir. Bu, bir fakt olaraq qalır. Dünya dövlətləri içərisində spesifik inkişaf yolu ilə seçilən dövlətimizin iqtisadi-siyasi gücü beynəlxalq aləmdə təqdir olunur, hətta bir sıra ölkələr Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi təcrübədən yararlanırlar. Azərbaycan iqtisadi, siyasi və təhlükəsizlik baxımından regiona böyük töhfələr vermişdir. Tam məsuliyyətlə deyə bilərik ki, bu regionda hökm sürən sabitliyin qarantı məhz Azərbaycandadır. Təkcə bir faktı qeyd etmək bəs edər: Azərbaycan həyata keçirtdiyi layihələrlə regionda böyük inkişafa nail olmuşdur. Eyni zamanda, özünün sarsılmaz inkişaf yolunu birdəfəlik müəyyənləşdirmişdir. Dünyada işğala məruz qalan çox dövlətlər olub, lakin işğala məruz qalan heç bir dövlət bu qədər böyük inkişaf yolu keçməmişdir. Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan bu haqda demişdir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi, siyasi və təhlükəsizlik sahələrində bölgəyə verdiyi töhfə çox təqdirəlayiqdir. Torpaqlarının bir hissəsi işğal altında olduğu halda, bu qədər yüksək səviyyəli siyasət yürütmək hər ölkənin bacaracağı bir iş deyil". Azərbaycan qazandığı böyük iqtisadi-siyasi gücün nəticəsidir ki, bu gün Ermənistan bütün regional layihələrdən kənarda qalıb, rəsmi Yerevan əhalinin ölkəni sürətlə tərk etməsinin qarşısını ala bilmir və erməni silahlı birləşmələri cəbhə xəttində ordumuzun gücünü görüb mövqelərindən günbəgün geri çəkilirlər. Sabah Ermənistan qoşunları Qarabağ bir güllə atılmadan tərk etsələr, heç kim təəccüblənməsin. Çünki Ermənistan rəhbərliyi anlayır ki, Azərbaycanla müharibəyə girişmək məhv olmaq deməkdir!

Bütün bunlarla yanaşı, ölkəmizin inkişafını qısqanan qüvvələr öz məkrli planları ilə daim sabitliyimizi, inkişaf düzənimizi pozmağa çalışırlar. Heç şübhəsiz ki, Azərbaycanın inkişafına, ölkədəki siyasi sabitliyə, iqtisadi tərəqqiyə mane olmaq qeyri-mümkündür. Avropa Parlamentinin keçmiş deputatı Fiorello Provera ölkəmizin geosiyasi proseslərdəki iştirakından danışarkən, qeyd etmişdir ki, Azərbaycan çox zəngindir, geosiyasi proseslərə də fəal şəkildə cəlb edilib: "Bir sıra nəhəng dövlətlər öz maraqlarına uyğun olaraq Azərbaycanı müxtəlif tərəflərə yönəltmək üçün ona təzyiq göstərməyə çalışırlar". ABŞ-ın nüfuzlu "The Daily Caller" nəşri Azərbaycanın işğala məruz qalan dövlət olduğunu və dövlətimizin böyük layihələrin icraçısı olduğunu belə dəyərləndirir: "Qaçqın böhranı ilə üzləşmiş Azərbaycanın təcrübəsi Avropaya ibrət ola bilər. Ermənistandan və işğal edilmiş Azərbaycan torpaqlarından bir milyon çox azərbaycanlı qaçqın düşüb. Bununla yanaşı, Azərbaycan Mərkəzi Asiyadan qaçqın düşmüş 50 minə yaxın Axıska türkünü qəbul edib. Azərbaycanda son çadır düşərgəsi 2007-ci ildə bağlanılıb, hökumət böyük vəsaitlər xərcləyərək evlər, məktəblər, xəstəxanalar və s. yaradıb. Azərbaycan möhkəm və getdikcə daha uğurla inkişaf edən demokratiyadır. Qərb bu ölkənin yanında olsa, öz strateji maraqları da təmin edilər".

Dünyanın müxtəlif nəşrləri, elm adamları, ictimai-siyasi xadimləri, dövlət başçıları ölkəmizin gözəllikləri, inkişafın Azərbaycan modelinin bütün tərəfləri haqqında danışmağı, yazmağı özlərinə borc bilirlər. Məsələn, İtaliyanın "Fidelity house" saytı yazır: "Şərq və Qərbin kəsişməsində yerləşən Bakı ecazkar bir şəhərdir. Bakıda tarixin izlərini daşıyan tikililərin, qədim saray və məscidlərin müasir binalarla vəhdəti çox cəlbedicidir. Bu şəhəri kəşf etməyə dəyər".

Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti Piter Teys Azərbaycanın inkişafından danışaraq qeyd edir ki, Ermənistan çox biabırçı vəziyyətə düşüb: "20% ərazisinin işğal edilməsinə baxmayaraq, Azərbaycanda demokratik islahatlar güclü iqtisadi inkişafla müşayiət edilib. Azərbaycan dünyada mükəmməl çiçəklənmə nümunəsinə çevrilib. Ermənistan isə Sovet İttifaqının iflasından sonrakı ötən 25 il ərzində rəzil bir dövlət olub. Bu ölkə insan haqlarına hörmət etmir və cəbhə xəttində tez-tez təxribatlar törədir. Ermənistan uğursuz dövlətdir, beynəlxalq aləmdə çəkisi yoxdur, ölkəni korrupsiya, işsizlik, qohumbazlıq və problematik durğunluq bürüyüb".

Fransa Senatının üzvü Natali Qule isə Azərbaycanın daim ikili standartlara məruz qaldığını bildirir və bunu qınayır: "Azərbaycan gənc və ikili standartlara məruz qalan ölkədir. "Eurovision-2012", l Avropa Oyunları kimi mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycanla bağlı bəzən qərəzli tənqidi fikirlər səsləndirilir. Dini tolerantlığın yüksək səviyyədə qorunduğu və demokratik inkişaf yolunda olan bu ölkəni dəstəkləmək lazımdır".

Göründüyü kimi, Azərbaycan dünyada əsl tolerantlıq nümunəsidir, eyni zamanda ölkəmiz iqtisadi inkişafın yeni modelini işləyib hazırlayan və tətbiq edən böyük dövlətdir. Dövlətin gücü əhalinin sayı və ərazisi ilə ölçülmür. Ərazisinin 20%-i işğal altında olan bir dövlətin müstəqillik dövründən bu günə qədər keçdiyi böyük tarixi yol bunu bir daha sübut edir.

Samir

Digər xəbərlər