PDF Oxu

Siyasət

  • 20

YAP bütün fəaliyyətini xalqın firavanlığına və Azərbaycan dövlətçiliyinin inkişafına həsr edir

YAP bütün fəaliyyətini xalqın firavanlığına və Azərbaycan dövlətçiliyinin inkişafına həsr edir

Xaçmazlılar YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Əli Səftər oğlu Əliyevə səs verəcəklərini bildiriblər

Dünən YAP Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsi 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən namizədliyi YAP tərəfindən irəli sürülmüş Əliyev İlham Əli Səftər oğlu ilə Yalama və Ləcət kənd seçicilərinin görüşü keçirilib. Görüşü giriş sözü ilə qərargahın sədri Nazim Ağayev açaraq ölkəmizin qanunverici orqanı olan parlament seçkiləri haqqında danışıb. Azərbaycanda növbəti parlament seçkilərinin də şəffaf və demokratik keçiriləcəyini vurğulayan N.Ağayev bildirib ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb: "YAP qarşıdakı parlament seçkilərinə "Yeni hədəflərə doğru" devizi ilə gedən Yeni Azərbaycan Partiyası seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq". N.Ağayev çıxış edərək İlham Əli Səftər oğlu Əliyevin seçildiyi 5 il ərzində seçiciləri ilə keçirdiyi görüşlər barədə seçicilərin müraciətlərinə diqqətlə yanaşdığından, yüksək bal toplayan ali məktəblərə qəbul olmuş tələbələrə köməklik göstərməsindən, bütün tədbirlərdə seçicilərinin yanında olmasından və rayon ərazisində onun təşəbbüsü ilə həyata keçirilmiş müxtəlif layihələr barədə məlumat vermişdir.

Hazırda ölkəmizin sürətlə inkişaf etdiyini deyən rayon təşkilatının sədri bu inkişafın heç də təsadüfi olmadığını əlavə edib: "Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilib. Dövlətimizin başçısının mahir və çevik idarəetmə qabiliyyəti, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, mükəmməl iqtisadi strategiyası nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası qeydə alınmaqdadır".

YAP tərəfindən 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən namizədliyi irəli sürülmüş İlham Əli Səftər oğlu Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və ikinci dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə məlumat verib. Namizəd, xüsusi olaraq, vurğulayıb ki, ölkəmizin belə yüksək inkişaf tempi ilə irəliləməsində hakim Yeni Azərbaycan Partiyasının rolu danılmazdır: "Ona görə də, bu gün YAP Azərbaycanın hər yerində sevilən və dəstəklənən bir siyasi təşkilatdır. Xalqımız YAP-ın bütün qərar və addımlarını öz iradəsi ilə dəstəkləyir, onların həyata keçirilməsində fəal rol oynayır. Beləliklə də, xalqımızın ölkə Prezidentinə olan inamı və rəğbəti onu deməyə əsas verir ki, bu seçkilərdə də YAP namizədlərinin qalib gələcəyi şübhəsizdir".

Görüşdə çıxış edən seçicilərdən Dəstənənə Səmədova, Solmaz Ədilova, Tamara Əmirbəyova, Tahir Ramazanov, Əzizbəy Zahidov, Elmira Hacıbəyova və başqaları noyabrın 1-də keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən namizədliyi irəli sürülmüş İlham Əli Səftər oğlu Əliyevə dəstək olacaqlarını vurğulayıblar.

R.HÜSEYNOVA

Digər xəbərlər