54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Milli Məclisə namizədliyi irəli sürülən Tahir Süleyman oğlu Süleymanov seçicilərlə növbəti görüşünü keçirib
Dünən 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Milli Məclisə namizədliyi irəli sürülən Tahir Süleyman oğlu Süleymanovun seçicilərlə növbəti görüşü Şabran rayonu Söhbətli və Təzəkənd kəndlərində olub. Yüzlərlə seçicinin iştirak etdiyi görüşü YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov Milli Məclis üzvlüyünə namizəd Tahir Süleyman oğlu Süleymanov barədə seçicilərə məlumat verib. M.Balabəyov bildirib ki, Şabranda Yeni Azərbaycan Partiyasının namizədi Tahir Süleymanovun təbliğat-təşviqat kampaniyası mütəşəkkil qaydada, seçicilərin fəal və kütləvi iştirakı ilə keçir: "Yeni Azərbaycan Partiyasının namizədi Tahir Süleymanov seçicilər tərəfindən böyük diqqət və rəğbətlə qarşılanır, görüşlərdə seçicilər böyük fəallıq, təşəbbüskarlıq göstərirlər. İndiyədək keçirilən müvafiq tədbirlərdə minlərlə seçici iştirak edib. Yerli sakinlərin YAP namizədi Tahir Süleymanov keçirdiyi görüşlərdə aktivlik göstərmələri onun 1 noyabr parlament seçkilərində böyük uğur qazanacağını söyləməyə əsas verir. İnanırıq ki, partiyamız ardıcıl uğurlarını davam etdirərək, 1 noyabr seçkilərində inamlı qələbə qazanacaq. Bu, xalqın, yerli sakinlərin Yeni Azərbaycan Partiyasına böyük rəğbətinin göstəricisidir".
Görüşdə seçicilər çıxış edərək partiyanın namizədinin yenidən irəli sürülməsini dəstəklədiklərini və 1 noyabrda keçiriləcək seçkidə ona səs verəcəklərini bildiriblər.
Deputatlığa namizəd Tahir Süleyman oğlu Süleymanov görüşdə seçiciləri maraqlandıran məsələlərə aydınlıq gətirib, yerli sakinlərin suallarını dolğun, məzmunlu şəkildə cavablandırıb. Tahir Süleymanov növbəti dəfə də millət vəkili seçiləcəyi təqdirdə, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını söyləyib. Milli Məclis üzvlüyünə namizəd seçki platformasında göstərilən hədəflərə çox ciddi yanaşdığını, müvafiq məqsədlərə çatmaq üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib: "Milli Məclis üzvlüyünə namizəd kimi, seçicilərin etimadını qazanacağım təqdirdə, bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Çalışacağam ki, növbəti 5 ildə də parlamentdə hər bir seçicini layiqincə təmsil edim. Seçicilərin belə fəallığı və diqqəti məni çox sevindirir. Bu, həm də bizim məsuliyyətimizi daha da artırır. İnanıram ki, seçicilər 1 noyabr seçkilərində düzgün seçim edəcək və ən layiqli namizədi seçəcəklər".
R.KAMALQIZI