PDF Oxu

Siyasət

  • 19

Deputatlığa namizəd Mahir Abbaszadə seçicilərlə növbəti körüşünü keçirib

Deputatlığa namizəd Mahir Abbaszadə seçicilərlə növbəti körüşünü keçirib

Dünən Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Abbaszadə Yasamal rayonunda yaşayan laçınlı seçicilərlə görüş keçirib.

Görüşləri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli hakim partiyanın seçkilərə hazırlığı və rayon təşkilatının bu məqsədlə gördüyü işlər barəsində məlumat verib. Natiq bildirib ki, hazırda təşviqat kampaniyası uğurla davam etdirilir, partiyanın namizədləri yerlərdə seçicilərlə görüşürlər: "YAP-ın bu seçkilərdə də irəli sürdüyü namizədlər Azərbaycan dövlətçiliyinin inkişafında, partiyamızın möhkəmlənməsində və qüdrətlənməsində, xalqımızın sosial-rifah halının yaxşılaşdırılmasında müstəsna xidmətləri olan, cəmiyyətimiz tərəfindən yüksək hörmət və ehtiramla qarşılanan, nüfuzlu insanlardır. Ona görə də YAP bu şəxslərə böyük etimad nümayiş etdirərək, onların namizədliyini irəli sürüb. 121 saylı Laçın Seçki Dairəsindən partiyamızın İdarə Heyətinin qərarına əsasən, Abbaszadə Mahir Tapdıq oğlunun namizədliyi irəli sürülüb".

Sonra namizədin tərcümeyi-halı barədə geniş məlumat verən Aqil Nəzərli deyib: "Biz laçınlılar hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa, partiyamızın qərarlarına böyük dəstək vermişik. Mən inanıram ki, bu seçkilərdə də partiyamızın qərarına dəstək və Mahir Abbaszadəyə səs verəcəyik".

Daha sonra çıxış edən YAP-ın 121 saylı Laçın Seçki Dairəsi üzrə namizədi Mahir Abbaszadə, ilk olaraq, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. O deyib ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. "Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb". - deyən natiq həmçinin "Təbii ki, bütün bu inkişafın əldə olunmasında, dövlətçiliyimizin möhkəmlənməsində YAP-ın xidməti və rolu inkarolunmazdır. Daim dövlətçiliyimizə xidmət edən, vətəndaşlarımızın daha da yaxşı yaşamasına təminat verən qərar və proqramların qəbul olunmasında birbaşa iştirak edən YAP, eyni zamanda, əldə olunan uğurlarla kifayətlənmir, daim yeni hədəflərə doğru irəliləyir. Heç də təsadüfi deyil ki, YAP bu seçkilərə "Yeni hədəflərə doğru!" şüarı ilə qatılır."

Mahir Abbaszadə Milli Məclisə deputat seçiləcəyi təqdirdə, görəcəyi işlər barəsində də danışaraq vurğulayıb ki, yalnız və yalnız dövlətimizin, xalqımızın, seçicilərin mənafeyi naminə fəaliyyət göstərəcək, partiyamızın siyasi baxışlarına uyğun olaraq addımlar atacaq, xalqımızın daha da yaxşı yaşamasına xidmət edən qanunların qəbulunda fəallıq nümayiş etdirəcək. Görüşdə çıxış edən BDU-nun müəllimi Əlamdar Şahverdiyev, rayon ağsaqalları və ziyalıları Murad Hüseynov, Zahid Məmmədov, Şakir Rzayev, Nəcibə Hətəmova, gənc fəal Elnur Abdullayev və başqaları çıxış edərək, partiyamızın gənc və perspektivli namizədi Mahir Abbaszadəni dəstəklədiklərini, Azərbaycanın daha da güclənməsi üçün yeni hədəflərə doğru gedən YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər