PDF Oxu

Siyasət

  • 23

YAP-ın namizədləri qələbə və zəfərlərə doğru!

YAP-ın namizədləri qələbə və zəfərlərə doğru!

Ağalar Vəliyev: "Həm özümün, həm də digər partiyadaşlarımın bu seçkidə qələbə qazanacağına əminəm"

Artıq parlament seçkilərinə rəsmən start verilib və namizədlər təbliğat və təşviqat kampaniyasına başlayıblar. Milli Məclisdən də yaxşı tanıdığımız namizədliyi Yeni Azərbaycan Partiyasının (YAP) 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən irəli sürələn Ağalar Vəliyev də mübarizəyə başlayıb. Öncə qısa olaraq, A.Vəliyevlə bağlı arayış verək. Bu günə kimi Yeni Azərbaycan Partiyasının namizədi kimi parlamentdə təmsil olunan A.Vəliyevin fəaliyyətinin ən önəmli istiqamətlərini Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında son 12 il ərzində qazanılan, müasir dünya tərəfindən qəbul olunan uğurların təbliği təşkil edib. Belə ki, 2013-cü il oktyabrın 9-da keçirilən və Azərbaycanın gələcəyi üçün taleyüklü əhəmiyyət kəsb edən prezident seçkiləri ərəfəsində YAP-ın Seçki Qərərgahı ilə birgə 11 saylı Qaradağ Seçki Dairəsinə daxil olan bütün qəsəbələrdə və əmək kollektivlərində çoxsaylı görüşlər zamanı dövlət başçımızın seçkiqabağı təbliğat-təşviqat kampaniyasının təşkilində fəal iştirak edib. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü olaraq ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının hüquqi əsaslarının təkmilləşdirilməsinə yönələn bir sıra qanunların qəbulunda nəzərə alınan təkliflər verib.

Bu gün o, qeyd edir ki, Azərbaycanın lazımi səviyyədə seçki təcrübəsi var. Son on ildə keçirilən seçkilər də göstərdi ki, Azərbaycan demokratik, ədalətli və şəffaf seçki prosesini qura bilib: "Beynəlxalq aləm tərəfindən də bu gerçəklik kimi qəbul olunur. Seçkidə hər cür şərait yaradılıb, həm namizədlər, həm seçicilər istədikləri kimi prosesdə iştirak edə bilirlər. Demokratik siyasi sistemə malik olan Azərbaycan növbəti parlament seçkilərinə siyasi sabitlik və iqtisadi inkişafın fonunda gedir. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət milli tərəqqini təmin etməklə yanaşı, həm də demokratik inkişafı şərtləndirir, yeni uğurların əsası kimi çıxış edir. Əminliklə söyləmək olar ki, növbəti parlament seçkiləri Azərbaycanın demokratik inkişafında növbəti uğurlu mərhələ olacaq. Həmçinin, Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi ilə yadda qalacaq. Ümumiyyətlə, qələbələr partiyası olan YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir, yüksək inam nümayiş etdirir. Onu da vurğulamalıyıq ki, partiyamız da gördüyü işlərlə, üzərinə götürdüyü missiya ilə xalqın inamını doğruldub. Yeni Azərbaycan Partiyası Azərbaycanın və ümumiyyətlə, regionun ən böyük və güclü siyasi partiyası kimi daim inkişaf edir, müasir dünyanın təcrübələrini mənimsəyir. Əminəm ki, 2015-ci il parlament seçkiləri də daha bir ədalətli və demokratik seçki nümunəsi ortaya qoyacaq."

Yeni Azərbaycan Partiyasının namizədi olmağın şərəfli bir hadisə olduğunu bildirən Ağalar Vəliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası, ilk olaraq Azərbaycan xalqının partiyasıdır: "Artıq neçə illərdir ki, xalqımız seçkilərdə partiyamızın namizədlərinə səs verməklə bunu sübut edib. Təbii ki, YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın olan siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu siyasi təşkilatdır. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. Bu mənada Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası hesab olunması təsadüfi deyil. 23 illik fəaliyyəti dövründə partiyamız Heydər Əliyev yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir. Yəni partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olmuşdur."

Ağalar Vəliyev bildirib ki, başqa partiyalar öz seçki texnologiyalarında demək olar ki, heç bir yeniliklər etmirlər. Amma YAP ölkədə keçirilən seçkilərdə uğurlar qazanır, müasir seçki texnologiyalarını öyrənərək özünün seçki kampaniyalarında tətbiq edir: "Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərinə də yüksək səviyyədə hazırlıq və uğurlu seçki kampaniyasının həyata keçirilməsi nəticə etibarilə partiyamızın tarixinə daha bir parlaq nailiyyət kimi yazılacaq. Bu nailiyyətin əldə olunmasında iştirak etmək və töhfə vermək üçün biz də əlimizdən gələni edəcəyik. YAP-ın namizədi kimi seçkiyə qatılmaq qələbənin bir addımlığında olmaq deməkdir. Azərbaycan xalqı hər zaman pisi yaxşıdan ayıra bilir, elə bu səbəbdən də, həm özümün, həm də digər partiyadaşlarımın bu seçkidə qələbə qazanacağına əminəm."

Azərbaycanda sosial dövlət quruculuğunun həyata keçirildiyini də deyən Ağalar Vəliyev bildirib ki, son illər bölgələrin inkişafı əhalinin sosial rifahının yüksəlməsində bu amil kifayət qədər rol oynayır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət Azərbaycanı sosial dövlət kimi səciyyələndirməyə imkan verir. Ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları dayanır. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə makroiqtisadi sabitlik təmin edilir ki, bunun da nəticəsində əhalinin gəlirləri də artır. Geniş sosial layihələrin reallaşdırılması da son illərdə Azərbaycanın mənzərəsini tamamlayan əsas cəhətlərdəndir. Son 12 ildə respublikanın müxtəlif bölgələrində təxminən 3 min məktəb tikilib ki, bunun da nəticəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda respublikanın regionlarında qəzalı məktəblərin əsaslı şəkildə yenidən qurulması istiqamətində intensiv iş aparılır. Haqqında bəhs olunan dövrdə ölkə üzrə 500-dən artıq səhiyyə obyekti tikilib və yaxud əsaslı şəkildə təmir edilib."

O, həmçinin bildirib ki, respublikamızda sosial obyektlərin, o cümlədən də, məktəblərin tikintisinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan fond da sanballı töhfələr verir. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müntəzəm olaraq təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir: "Son illərdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" layihələri uğurla reallaşdırılmaqdadır. Heydər Əliyev Fondu 2005-ci ildə təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin həyata keçirilməsinə start verib. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək, ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda haqqında bəhs olunan sosial layihələr qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyaların fonunda reallaşdırılır. Məlumdur ki, hazırda bir sıra ölkələr qlobal maliyyə-iqtisadi böhranın təsirlərinə məruz qalaraq öz sosial proqramlarını ixtisar edirlər. Azərbaycan isə dünya üçün çətin şəraitdə belə, bu məzmunlu layihələri yenə də davam etdirir."

Millət vəkilliyinə namizəd, son olaraq bir daha vurğulalyıb ki, əgər seçicilər ona etimad göstərərlərsə, təmsil edəcəyi bölgənin, eləcə də, regionların sosial-iqtisadi inkişafı istiqamətində bir millət vəkili kimi gücünü əsirgəməyəcək: "Söz yox ki, ölkə Prezidenti İlham Əliyev cənablarının yürütdüyü siyasət məhz bu yöndədir. Biz də öz timsalımızda bu siyasətin daha da geniş vüsət alması üçün qürur və fərəhlə öz töhfəmizi verəcəyik."

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər