Yeni Azərbaycan Partiyasının 1 noyabrda keçiriləcək parlament seçkilərində irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası Füzuli rayonunda da uğurla davam edir.
84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd Bahar Əvəz qızı Muradova 4 saylı Qayıdış qəsəbəsində daha bir görüşü olubdur. Toplantıya qatılan 500-dək seçici YAP-ın deputatlığa namizədini coşqu ilə qarşılayıblar.
YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova Bahar Muradovanı tədbir iştirakçılarına təqdim etdikdən sonra vəkillər 84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd haqqında danışaraq onun siyasi fəaliyyətini təqdir etdiklərini bildirib, Bahar Muradovanın həm qanunvericilik, həm də digər siyasi sahələrdə fəal mövqe nümayiş etdirdiyini vurğulayıb və seçiciləri növbəti 5 il müddətinə yenidən onun namizədliyini dəstəkləmək və Heydər Əliyev ideyalarının daşıyıcısı olan YAP-a səs verməyə çağırıblar.
Səmimi mühitdə keçən görüşdə sakinlər öz ürək sözlərini söyləyərək, sosial problemlərin həllinə, rayon əhalisinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Tədbir iştirakçılarından Fazil Babayev, Burcalı Allahyarov, Qiyas Quliyev, Sevil Səfərova və Təbərrik Əsgərxanova öz çıxışlarında Bahar Muradovanın millət vəkili kimi onların etimadlarını hər səviyyədə layiqincə doğrultduğunu və buna görə də həmyerlilərini bu siyasi kampaniyada da ona səs verməyə dəvət ediblər.
Deputatlığa namizəd Bahar Muradova öz çıxışında Azərbaycan dövlətinin və dövlətçiliyinin keşiyində duran hər kəsə fəal vətəndaşlıq mövqeyinə görə təşəkkür edərək, bundan sonra da Ulu Öndər Heydər Əliyev ideologiyasına, onun yorulmaz davamçısı Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasətinə, YAP-ın prinsiplərinə sadiq qalaraq Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraqlarını hər zaman hər şeydən üstün tutacağını bəyan etmişdir.
Tədbirdən sonra Bahar Muradova seçiciləri qəbul etmiş və onların təkliflərini dinləmişdir.
Təbliğat-təşviqat kampaniyası davam etməkdədir.
R.KAMALQIZI