PDF Oxu

Siyasət

  • 21

2016-cı ilin büdcəsi Azərbaycanın tərəqqi faktoru kimi qiymətləndirilir

2016-cı ilin büdcəsi Azərbaycanın tərəqqi faktoru kimi qiymətləndirilir

Millət vəkilləri dövlət büdcəsi ilə bağlı fikirlərini bildiriblər

Bəlli olduğu kimi, oktyabrın 14-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb. Belə ki, iclasda "Azərbaycan Respublikası Dövlət-Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinə baxılıb. Eyni zamanda, "Dövlət rüsumu haqqında" Qanunda dəyişikliklər, Milli Məclisin 2016-cı il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihələri müzakirə edilərək, deputatlar tərəfindən dəyərləndirilib.

Malik Həsənov: "Bütün bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir"

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Malik Həsənov bildirib ki, əsas çalışılan məqsəd də budur ki, büdcəmizdə vəsait çox olsun, qarşıda duran bütün problemlər həllini tapsın: "Bir məsələni nəzərə almalıyıq ki, ötən illər ərzində Azərbaycan hansı inkişaf yolunu keçib. 1990-cı illərin əvvəllərində bizim büdcəmizdə cəmi 70 milyon manat vəsait var idi. İndi isə Azərbaycanın dövlət büdcəsi milyardlarla ölçülür. Ona görə, hesab edirəm ki, bu büdcə ilə biz 2016-cı ildə qarşıda duran bütün vəzifələrin öhdəsindən gələ bilərik. Əlbəttə, nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatında hansı hadisələr baş verir. Büdcənin təqdimatı zamanı hökumət nümayəndələri də qeyd etdilər ki, beynəlxalq iqtisadiyyatda hansı hadisələrin baş verməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yarana biləcək təlatümlərə hazırdır".

Malik Həsənov, eyni zamanda vurğulayıb ki, 2016-ci ilin büdcəsi qarşıda duran bütün məsələlərin həllinin öhdəsindən gələ biləcək qədər əhəmiyyətli olacaq. Belə ki, Azərbaycanın çox uğurlu siyasəti var: "Bu siyasətin kökündə iki amil dayanır. Biri daxili sabitlikdir, digəri isə uğurlu büdcə siyasətidir. Həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük nailiyyətlər qazanmışıq. Təbii ki, bütün bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir."

Millət vəkilinin bildirdiyinə görə, Azərbaycanın uğurları bəzi düşmən dairələr tərəfindən qısqanclıqla qarşılanır: "Dövlətimizin güclənməsi kimlərisə narahat edir, erməni lobbisini, Azərbaycanı istəməyən bəzi qüvvələri qane etmir. Ötən prezident seçki kampaniyasının gedişində erməni lobbisinə bağlı müxtəlif beynəlxalq dairələrin sifarişini icra edən "milli vətənpərvər"lərin uğurlara hər bir vasitə ilə kölgə salmağa çalışmaları cəhdləri uğursuz alındı. Çünki demokratiya yolu ilə uğurla addımlayan Azərbaycanda seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsinin bir daha sübutu olmuşdur. Azərbaycanın qısa müddət ərzində dünya miqyasında mühüm uğurlar əldə etməsi, nüfuzlu söz sahibinə çevrilməsi Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin düzgünlüyünü, habelə ölkənin və xalqın milli maraqlarına cavab verdiyini bir daha sübut edir. Görkəmli dövlət xadimi İlham Əliyevin möhkəm iradəsi, siyasi uzaqgörənliyi və çevik taktikası Azərbaycana iqtisadi, hərbi-strateji və sosial sahədə bundan sonra da aparıcı mövqe qazandıracağına xalq əmindir".

Nəriman Əliyev: "Prezident İlham Əliyev aparılan siyasətin həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi - Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəni gücləndirmək, regionda mövqeləri möhkəmləndirmək məqsədi daşıyır"

Millət vəkili Nəriman Əliyev də qeyd edib ki, dünya iqtisadiyyatında qeyri-stabilliyin hökm sürdüyü, neftin qiymətinin kəskin ucuzlaşdığı bir vaxtda ölkəmizdə sosial yönümlü büdcənin hazırlanması çox təqdirəlayiqdir: "Bu, ölkə Prezidentinin əhalinin soial müdafiəsinə diqqət və qayğısının nəticəsidir. Çox təqdirəlayiq haldır ki, sosial sahələrin bütün istiqamətində ayrılmış vəsaitin xüsusi çəkisi artıb".

Deputat, həmçini qeyd edib ki, 2016-cı ilin büdcə layihəsinin gəlirləri və xərclərinin təhlili qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün heç bir təhlükənin olmadığını göstərir: "2015-ci ilin dövlət büdcəsinin hazırlanmasında ssenarili yanaşma tətbiq olunub ki, bunun da böyük üstünlükləri var. Çünki yarana biləcək hər hansı bir riskdən müdafiə olunmaq üçün dövlətin manevr etmək imkanları artacaq. Büdcənin əsas hədəfləri isə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının prioritetlərinə uyğun müəyyənləşdirilib."

Nəriman Əliyev, həmçinin bildirib ki, hazırda qeyri-neft sektorunun inkişafı sübut edir ki, Azərbaycanın büdcəsi yalnız neft gəlirlərindən formalaşmır. Belə ki, ölkə Prezidenti İlham Əliyev Cənablarının son illərdə apardığı mütərəqqi siyasi-iqtisadi islahatları da məhz belə qənaətə gəlməyə zəmin yaradıb: "Prezident İlham Əliyev aparılan siyasətin həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi - Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəni gücləndirmək, regionda mövqeləri möhkəmləndirmək məqsədini daşıdığını vurğulayıb və bildirib ki, ölkənin gələcək inkişafı üçün neft amilindən asılılığı azaltmaqd lazımdır ki, bunun üçün də sahibkarların üzərinə çox iş düşür. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birinin, məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi təsadüfi deyildir. Ötən illər ərzində özəl sektorun inkişafı Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması üçün geniş imkanlar açmışdır. Daim sahibkarlarla görüşən, onların qayğıları ilə maraqlanan dövlət başçısı hər bir yerdə yerli icra orqanlarının rəhbərlərinə, icra başçıları, vəzifəli şəxslərə sahibkarlara kömək göstərmələrini tövsiyə edir. Sahibkarlara verilən güzəştli kreditlərin iqtisadiyyatın real sektoruna yönəldilməsi və iş yerlərinin açılması, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması məqsədlərinə xidmət edib".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər