"Ermənistan prezidenti Serj Sarkisyan "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir" fikrini səsləndirməklə əsl xislətini, mahiyyətini göstərmiş oldu. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, rəsmi İrəvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində məqsədi mövcud status-kvonun davam etdirilməsidir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.XİN sözçüsünün sözlərinə görə, mövcud status-kvonun da əsasını işğal və təcavüz faktı təşkil edir: "Ona görə də Ermənistanın danışıqlar prosesində iştirakı dimitasiya xarakteri daşıyır. Serj Sarkisyan "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir" fikrini səsləndirməklə rəsmi İrəvanın özünütəcrid siyasətini ifşa etmiş oldu. Yəni Sarkisyan tərəfindən digər ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşı açıq və birbaşa ittiham irəli sürülməsi, çıxış edilməsi Ermənistanın əsl simasının və onun təcavüzkar siyasətinin göstəricisidir. Əslində bu, bir daha Ermənistan siyasi rəhbərliyinin təşviş içərisində olmasından xəbər verir. Bu gün hər kəs də bilir ki, Ermənistanın daxilində gərgin vəziyyət hökm sürür".
sia.az