82 saylı Ağcabədi şəhər seçki dairəsi dairə seçki komissiyasında Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilən treninqlər uğurla başa çatıb.Dairə seçki komissiyasının sədri Nadir Qürbətov AZƏRTAC-a bildirib ki, dörd gün ərzində mərhələ-mərhələ keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri seçki prosesi, seçki günü görüləcək işlər, icra olunan müxtəlif prosedurlarla bağlı ətraflı məlumatlandırılıblar. Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılıb.Treninqlərdə, ümumilikdə, 46 məntəqə seçki komissiyasından 276 nəfər iştirak edib. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlər zamanı məntəqə seçki komissiyalarının üzvləri səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, seçki günü prosedurları barədə ətraflı məlumatlandırılıb, praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.Treninqlərdə iştirak edən hər bir aşağı seçki komissiyası üzvünə MSK tərəfindən hazırlanmış "Seçki günü üçün yaddaş" kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunub.
AZƏRTAC