Onları maraqlandıran məsələ yalnız çirkin qazanclar əldə etməkdir
Sirr deyil ki, xarici dövlətlərin ərazisində hüquqi qeydiyyatdan keçmiş kütləvi informasiya (KİV) vasitələri ölkəmizin ərazisində peşəkar KİV, media fəaliyyəti ilə məşğul olmaq istədikləri təqdirdə, Azərbaycan Respublikasında xarici KİV nümayəndələrinin akkreditasiya qaydalarına uyğun olaraq Xarici İşlər Nazirliyində qeydiyyatdan keçməlidirlər. Ancaq bir sıra hallarda biz tamamilə bunun əksini görürük. Daha dəqiq desək, bir sıra media orqanları, qeyri-qanuni şəkildə fəaliyyət göstərmələri bir yana, hətta radikal siyasi baxışlardan çıxışlar edərək, bilavasitə dövlətçilik əleyhinə çağırışlar edir, xüsusilə xarici siyasi dairələrin sifarişlərini həyata keçirməklə çirkin məqsədlərini reallaşdırmağa cəhdlər göstərirlər.
Ölkəmizin ərazisində bu adlarda heç bir KİV qeydə alınmayıb
Bu kimi media qurumları arasında daha çox nəzərə çarpanlar arasında "Azadlıq" Radiosunu (azadlıq.org), "Meydan" TV-ni göstyərəmək mümkündür. Məhz bu qurumların fəaliyyətləri, bilavasitə düşmən Ermənistanın Azərbaycana qarşı sərgilədiyi münasibətdən heç də fərqlənməyən cəhətləri ilə gündəmdə olurlar. Hansı ki, ölkəmizin ərazisində bu adlarda heç bir KİV qeydə alınmayıb. Eyni zamanda, həmin media qurumlarının ölkəmizdə fəaliyyət göstərməsi üçün Azərbaycan dövlətinin rəsmi icazəsi olmalıdır. Ancaq biz bu media qurumlarının qeyri-qanuni və icazəsiz şəkildə yayımlarını görməkdəyik.
Halbuki Azərbaycan dövləti, bu istiqamərdə fəaliyyət göstərən müvafiq qurumlar dəfələrlə bu cür yayım orqanlarının akkrditasiyadan keçməli olduqlarını bildirib, bu barədə tələblər irəli sürülüb. Ancaq bu cür çağırışlara baxmayaraq, onlar akkreditasiya məsələsinə soyuq yanaşır, həmçinin, Azərbaycanda siyasi-iqtisadi və s. maraqları olan, erməni lobbisinin xərclədiyi pullar hesabına korrupsiyalara bulaşan Qərb dairələrinin tapşırıqlarını, sifarişlərini həyata keçirir, əslində, bu dövlətə qarşı daxillərində formalaşmış düşmənçilik hisslərini aşkar qaydada büruzə verirlər.
Həyasızcasına edilən iddialar
Bu zaman sual yaranır, Azərbaycan dövləti qarşısında "demokratiya", "azad söz" və s. tələblərdə bulunan "Meydan" TV, "Azadlıq" Radioları nəyə görə özləri adicə KİV haqqında qəbul olunmuş qanunları pozmaqla məşğuldurlar. Demək onları heç də qanun maraqlandırmır, onları maraqlandıran məsələ yalnız çirkin qazanclar əldə etməkdir.
Hətta bu da azmış kimi, "Meydan" TV həyasızcasına iddia edir ki, onların əməkdaşları sərbəst jurnalistlərdir (?-R.N.). Maraqlıdır, bunlar necə sərbəst jurnalistlərdirlər ki, işləri-gücləri sifarişləri icra etməkdir? Yaxud onlar adıçəkilən qondarma TV-dən aylıq əmək haqqı alırlar. Üstəlik, mütəmadi olaraq həmin kanala materiallar göndərirlər. Bununla da bildirirlər ki, "biz sərbəst, müstəqil jurnalistlərik". Halbuki bu, heç də sərbəst jurnalistika fəaliyyəti deyil, konkret olaraq əmək fəaliyyətidir. Yəni onlar əmək sərf edib, "Meydan" TV-də fəaliyyət göstərirlərsə, demək iş görürlər. Ancaq bayaq da vurğulandığı kimi, qanuni deyil, qeyri-qanuni çalışırlar. Belə olan təqdirdə, onlara qeyri-qanuni fəaliyyət göstərmələri barədə xəbərdarlıqlar edilirsə, hüquq-mühafizə orqanlarına çarğırılaraq onlara bu məsələ izah olunursa, bunu dərhal "Polis "Meydan" TV-nin əməkdaşlarını saxladı" və s. başlıqlarla səs-küy salmasınlar. Təbii ki, bu cür haray-həşirlərin salınmasının məqsədi də hər kəsə bəllidir.
Belə yollarla ağalarına nökərçilik edənlər himayədarlarından külli miqdarda qrantlar alırlar
Bəllidir ki, bu cür qaraqışqırıqçı media quruluşlarının əməlləri ölkəmizi gözdən salmaq və dünyada Azərbaycan haqda mənfi rəy formalaşdırmaqdan ibarətdir. Qısacası, onlara qanun barədə tələbnamələr göndərildikdə (əslində, onlara da bu lazımdır-R.N.). "Meydan" TV bir yandan, "Azadlıq" Radiosu da o biri yandan, üstəlik, ələkçiyə qıl verən yerli radikal müxalifət mətbuatı da digər yandan Azərbaycanla bağlı mənfi rəyləri tirajlayıb, xaricdəki ağalarına göndərirlər. Təbii ki, belə yollarla ağalarına nökərçilik edənlər himayədarlarından külli miqdarda qrantlar alırlar. Söz yox ki, həmin qrantların hesabına da fəaliyyət göstərirlər. Yəni bunlar Azərbaycanın əlehinə nəysə yazmasalar, qrantları kəsiləcək. Ona görə də onların pulqıran maşınları Azərbaycana qarşı necə işləyirsə, özləri də məhz bu istiqamətdə fəaliyyət göstərməklə məlum haray-şivənlər salırlar. Ancaq söz yox ki, qaunun da bir son hədd nöqtəsi var. Qanun belələri qarşısında öz sərt sözünü mütləq deyəcək.
Rövşən NURƏDDİNOĞLU