PDF Oxu

Siyasət

  • 28

Azərbaycan Ordusu tam üstünlük əldə etmişdir

Azərbaycan Ordusu tam üstünlük əldə etmişdir

Sıravi ermənilər hərbi xunta rejimindən qaçıb Azərbaycana sığınırlar

Azərbaycan bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də böyük uğurlar əldə etmişdir. Ölkəmizdə ordu quruculuğu daim diqqət mərkəzindədir. Ordu quruculuğunda iki mühüm amil var: vətəndaşların hərbi mükəlləfiyyəti dərk edib böyük məsuliyyət hissi ilə yerinə yetirməsi və ordunun ən müasir silah-sursatla təmin edilməsi. Bu iki amil ölkəmizdə ən yüksək səviyyədə mövcuddur. Ona görə də, Azərbaycan Ordusu tam üstünlük əldə etmişdir, düşmənə sarsıdıcı zərbələr vurulur. Azərbaycan Silahlı Qüvvələri ermənilərin böyük təxribatlarının qarşısını aldı, preventiv zərbələr vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Cəbhədə ölənlərin isə mütləq əksəriyyəti Dağlıq Qarabağ sakinləri deyil, Ermənistan vətəndaşlarıdır. Nə qədər ki, Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır və beynəlxalq ictimaiyyət, vasitəçilər bunu görmək istəmirlər, işğalçıya ciddi siqnallar göndərilmir, o vaxta qədər də Ermənistan itkilərə məruz qalacaq. Bəli, biz də tərəfdarıyıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişə başa çatmalıdır. Bunun üçün də ilk olaraq Ermənistan özünün qeyri-konstruktiv, ədalətsiz mövqeyindən çəkinməli və beynəlxalq ictimaiyyət, böyük güclər, beynəlxalq təşkilatlar Ermənistanı məcbur etməlidirlər ki, işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etsin. Bütün dünya bir faktın qarşısında dayanır: Azərbaycanın hərbi, iqtisadi və siyasi gücü günbəgün artır, Ermənistan isə sosial partlayış ərəfəsindədir.

Bəs Ermənistan ordusunda nələr baş verir? Sıravi ermənilər hərbi xunta rejimindən qaçıb Azərbaycana sığınırlar. Erməni diktatoru, hətta Ermənistanın rəsmi mövqeyinə tamamilə zidd olan bəyanatlar verir. "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir" kimi qeyri-adekvat və çox gərgin psixoloji durumda verilən bəyanat həm Ermənistanı işğalçı ölkə kimi ifşa edir, həm də bu ölkənin rəhbərliyini biabır edir. Ermənistanın bugünkü hakimiyyəti hərbi canilərdir. Ermənistanda hökm sürən xunta və diktatura rejimi Ermənistan xalqı üçün də təhlükəyə çevrilib. Ermənistan xalqı bu kriminal, korrupsioner rejimdən bezib. Vəziyyət o həddə çatıb ki, onlar indi Azərbaycana pənah gətirirlər. Bu gün dünyada fərarilərinin sayına görə Ermənistan birinci yerdə dayanır. Çünki heç bir erməni gənc orduda xidmət etmək istəmir. Ordudakı "dedovşina", kriminal durum, əsgərlərə qarşı zorakı addımlar erməni gənclərinin ordudan yayınmalarının başlıca səbəblərindəndir.

Samir

Digər xəbərlər