PDF Oxu

Siyasət

  • 17

"Seçkilərdə qadın namizədlərə dəstək"

"Seçkilərdə qadın namizədlərə dəstək"

Bu mövzuda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd qadınların seçkilərdə fəallığına nail olmaqdır

Dünən YAP Xətai rayon təşkilatının qərargahında YAP Qadınlar Şurasının təşkilatçılığı ilə Xətai, Sabunçu, Suraxanı və Xəzər rayon təşkilatlarının fəal qadınlarının və bu rayonlar üzrə namizədliyi irəli sürülən qadınların iştirakı əsasında keçirilən "Seçkilərdə qadın namizədlərə dəstək" mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, professor Nurlana Əliyeva bildirdi ki, keçirilən tədbirdə məqsəd qadınların seçkilərdə fəallığına nail olmaqdır. N.Əliyeva onu da vurğuladı ki, bu gün Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir: "Ölkəmizin malik olduğu imkanlar hər bir sahədə uğurlu addımların atılmasına əsas yaradır. Parlament seçkilərinə hazırlıq prosesi bir daha ölkəmizin demokratiya təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynayır və bu inam ifadə edilir ki, 1 noyabr parlament seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifə kimi yazılacaq".

N.Əliyeva, həmçinin vurğuladı ki, bu gün cəmiyyətimizi ədalətlə idarə edən, eyni zamanda vətəndaşların həyatında mühüm rol oynayan qanunlarımızı yaradan məhz parlamentdə fəaliyyət göstərən insanlardır: "Təbii ki, həmin qanunları işləyərkən parlamentdə təmsil olunan millət vəkilləri məsuliyyətlə, cəmiyyətin hərtərəfli inkişafı üçün çalışırlar. Millət vəkilləri Azərbaycan cəmiyyətində siyasi cəhətdən fəal mövqeləri ilə seçilirlər. Növbəti parlament seçkilərində Azərbaycan cəmiyyətinin tərəqqisi, vətəndaşlarımızın xöşbəxt həyatı naminə özlərini həsr etməyi bacaran, dövlət və cəmiyyət quruculuğunda diqqəti çəkən keyfiyyətli fəaliyyətləri ilə nüfuz qazanmış şəxslərin millət vəkili seçiləcəyinə böyük ümidlər bəslənilir. Millət vəkili adı çox şərəfli bir addır. Cəmiyyət bu adın sahibini hərtərəfli, siyasi cəhətdən yetkin bir insan, təfəkkürü, ağlı, məntiqi, mənəviyyatı ilə kamillik zirvəsinə ucalmış bir şəxsiyyət kimi qəbul edir".

YAP Qadınlar Şurasının sədri irəli sürülən namizədlər arasında əvvəlki seçkilərlə müqayisədə qadınların daha çox olduğunu qeyd edərək söylədi ki, 2010-cı ildə keçirilən parlament seçkilərində qadın namizədlərin sayı 19 nəfər idisə, bu gün həmin rəqəm 25-dir: "Say fərqi o qədər böyük görünməsə də, Azərbaycan parlamentində qadınların sayı digər ölkələrdən fərqli olaraq çoxluq təşkil edir. Bu, müsbət haldır və sevindiricidir. Çünki qadınlarımızın XXI əsrdə inkişafına, onların ağıllı mövqeyinə, işlədikləri sahələrdə səmərəli xidmətlərinə, cəmiyyətdə böyük nüfuz və hörmət sahibi olduqlarına inanırıq. Ümumiyyətlə, qadın həm də anadır, tərbiyəçidir və cəmiyyətdə fəal mövqe sahibidir. Çünki o, övladlarının xoşbəxtliyi, səadəti uğrunda fəaliyyət göstərir, gəncliyin hərtərəfli inkişafına istiqamət verir, cəmiyyətin yüksəlişi naminə addımlar atır. Ona görə də, qadınların seçkilərdə bu sayda təmsilçiliyi və ümumiyyətlə fəal iştirakı bizi ürəkdən sevindirir".

N.Əliyeva, xüsusi olaraq vurğuladı ki, hazırda parlamentdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti qadınlarımızı çox ruhlandırır: "Mehriban xanım Əliyeva qanunvericilik fəaliyyətilə yanaşı, müxtəlif ölkələrdə keçirdiyi möhtəşəm tədbirlərilə Azərbaycan qadınlarının nəyə qadir olduğunu nümayiş etdirir. Azərbaycan anası bu gün istedadlı gənclik yetişdirir, mütərəqqi, sülhpərvər, zəkalı vətəndaş ləyaqətini meydana qoyur. Azərbaycan qadınlarına Mehriban xanım Əliyevanın bu fəaliyyəti stimul verir. Çünki o, həm rəsmi bir şəxs, həm Azərbaycanın milli dəyərlərinin carçısı, həm də böyük bir xeyriyyəçisi kimi bütün layihələrində müqəddəs analığın xidmətindədir. Mehriban Əliyevanın fəaliyyəti nəticəsində, ölkədə xeyriyyəçilik bir hərəkata çevrilib. Onun ən nüfuzlu beynəlxalq tədbirlərə yüksək peşəkarlıqla rəhbərliyi Azərbaycan qadınına qürur gətirir. Çünki bu səviyyədə fəaliyyət dövlətə, xalqa, millətə ən ülvi məhəbbət bəsləmədən mümkün ola bilməz. Məhz cəmiyyətdə belə müsbət təsirlərin nəticəsidir ki, bu gün qadınlarımız parlamentdə də ləyaqətlə təmsil olunurlar. Onların səsi beynəlxalq arenalardan gəlir. Qadınlarımız Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilirlər, xalqımızın mütərəqqi mövqeyini, doğru-düzgün niyyətini ortaya qoyurlar".

Son illərdə, ümumiyyətlə Azərbaycan qadını siyasi cəhətdən mükəmməl fəaliyyət və siyasi yetkinliyilə böyük təsir gücünə malik olduğunu deyən N.Əliyeva bütün bunların Azərbaycanda gender siyasətinin uğurla aparılmasının nəticəsi olduğunu qeyd etdi.

N.Əliyeva, həmçinin onu da qeyd etdi ki, vətəndaşların seçkilərdə kütləvi iştirakı, namizədlərin irəli sürülməsi, qeydə alınması, təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi seçki qanunvericiliyinə tam uyğun olaraq həyata keçirilir: "Yeni Azərbaycan Partiyası böyük seçki təcrübəsi qazanıb və bu təcrübəyə əsasən deyə bilərik ki, bu gün Azərbaycan vətəndaşlarının siyasi aktivliyi, seçkilərə siyasi baxışı xeyli yüksəlib. Bunu onların seçkilər zamanı kütləvi iştirakında görürük. Vətəndaşların səs vermək üçün seçki məntəqələrinə gəlməsi, seçkidə ən vacib məsələdir. Azərbaycanda keçirilən seçkiləri dünyanın müxtəlif ölkələrindən müşahidə etmək məqsədilə gələn nümayəndələr təqdir edirlər ki, ölkəmizdə şəffaf, ədalətli seçkilər keçirilir. Seçkilərin şəffaf, ədalətli keçirilməsi isə müstəqil dövlətimizin sarsılmaz iradəsinin göstəricisidir. YAP hər zaman dövlətimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində vətəndaşları böyük həqiqətlərə inandırmağı bacaran siyasi qüvvədir. YAP həmişə sabitliyin, ölkədə stabilliyin möhkəmləndirilməsi, dövlətçilik siyasətinin qorunması istiqamətində siyasi cəhətdən mükəmməl partiya kimi insanlara yol göstərməyi bacarıb. Buna görə də, seçkilərlə də bağlı onun həyata keçirdiyi hazırlıq işləri həmişə ciddi nəticələr verib, bütün seçkilərdə qələbə qazanıb, namizədləri hər zaman əhali tərəfindən dəstək alıb. Bunlarla bərabər, YAP-ın ona nüfuz gətirən ən böyük uğuru Cənab İlham Əliyevin partiyamızın Lideri olmasıdır."

N.Əliyeva bu fikiri də xüsusi olaraq qeyd edərək bildirdi ki, bu gün Azərbaycan öz problemlərini özü həll edən, düzgün daxili və xarici siyasət yeridən demokratik ölkədir: "Bu gün ölkəmiz iqtisadi, siyasi, mədəni cəhətdən sürətlə inkişaf edir, təhsilimiz ağıllı islahatlarla, təkamül yolu ilə tərəqqi edir ki, bu da dövlətimizin gələcəyi üçün çox vacibdir. Əhalinin rifahı yüksəlir, bölgələrin siması dəyişir. Bütün bunlar müəyyən xarici qüvvələrə sərf etmir, özləri yerlərində saydıqları bir zamanda Azərbaycan sürətlə inkişaf edir, qüdrətlənir. İlk Avropa Oyunlarında da bütün dünya şahid oldu ki, Azərbaycan intellektual dövlətdir, vətəndaşlarımız yüksək mənəvi göstəricilərə, dünyagörüşünə malikdir. Bu, o deməkdir ki, biz səfərbər olaraq dövlətimizin gələcəyini düşünən ölkəyik. Dövlətlə xalqın birliyi çətin sınaqlardan keçərək yaranıb. Onu sarsıtmaq, gözdən salmaq mümkün deyil".

N.Əliyeva qeyd etdi ki, YAP Qadınlar Şurası davamlı olaraq müxtəlif tədbirlər keçirir: "Hazırda bütün diqqət Azərbaycanda keçiriləcək parlament seçkilərinə istiqamətləndirilib. Təbliğat mərhələsində ölkə ərazisində "Qadın namizədlərə dəstək" aksiyası təşkil olunur. Namizədliyi ilk dəfə təqdim olunan qadınlarımızın platforması dinlənilir, onların cəmiyyətdə uğurlu fəaliyyəti haqqında fikirlər qadınlarla bölüşülür. Namizədlərimizi gəncliyə tanıtmaq, qadınlarımızın seçkilərdə fəallığına nail olmaq əsas məqsədlərdəndir. Bu inam da ifadə olundu ki, V çağırış parlament seçkilərində də Azərbaycan qadını cəmiyyətimizin həyatında, demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri daha çox əxz etməyimiz naminə fəaliyyət göstərəcək".

Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən irəli sürülən Dilarə Cəbrayılova, 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən Sevinc Fətəliyeva çıxış edərək, bu gün Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakından, dövlətimizin, Yeni Azərbaycan Partiyasının qadınlara göstərdiyi diqqət və qayğıdan geniş bəhs etdilər. Bildirdilər ki, hər bir seçkiyə təkmil seçki təcrübəsi ilə qatılan Yeni Azərbaycan Partiyası son seçkilərdə qadınlara və gənclərə xüsusi diqqət göstərərək, onların parlamentdə təmsilçilik faizlərinin artırılmasını qarşıya mühüm vəzifə kimi qoymuş və bu istiqamətdə mühüm uğurlara imza atmışdır. Növbəti parlament seçkilərilə bağlı partiyanın irəli sürdüyü namizədlər siyahısına diqqət yetirdikdə bunun bir daha şahidi oluruq. İstər namizədliyi yenidən, istərsə də ilk olaraq irəli sürülən qadınlarımız prosesə yüksək əhval-ruhiyyə ilə qatılır, seçicilərin dəstəyini qazanaraq parlamentdə təmsil olunacaqları təqdirdə, üzərilərinə düşən missiyanı daha səylə yerinə yetirəcəklərini bildirirlər.

Namizədlər Yeni Azərbaycan Partiyasının seçkilərə böyük qələbə əzmilə qatıldıqlarını deyərək, bu inamı şərtləndirən amilləri diqqətə çatdırdılar.

Tədbirdə Xətai rayon sakini Könül Əfəndiyeva, Suraxanı rayon sakini Şövkət Xanməmmədova çıxış edərək, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasına inamın böyük olduğunu, bu partiyaya dəstəyin qaçılmazlığını qeyd etdilər. Bildirdilər ki, Yeni Azərbaycan Partiyası yeni hədəflərə təbii ki, irəli sürdüyü namizədlərin seçicilərdən aldığı böyük dəstək əsasında addımlayacaq və 1 noyabr parlament seçkilərində yeni qələbələrilə xalqın partiyası olduğunu bir daha nümayiş etdirəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər