Partiyanın namizədi Şəmsəddin Hacıyev Səbail gəncləri ilə görüşdə onların istək və təkliflərini dinləyərək suallarını cavablandırdı
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında 29 saylı Səbail Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hümbət oğlu Hacıyevin gənclərlə görüşü keçirilib. Tədbirdə 29 saylı Səbail Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev, rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev, rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Fərəcov və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Muxtar Nağıyev deputatlığa namizəd Şəmsəddin Hümbət oğlu Hacıyevin həyat və fəaliyyəti ilə bağlı gənc fəallara geniş məlumat verib. YAP-ın builki seçkilərdə şüarının "Yeni hədəflərə doğru!" olduğunu da xatırladan sədr müavini məhz Azərbaycan gəncliyinin yaxından iştirakilə bu hədəflərə çatılacağına inandığını deyib: "Bu gün qarşıdakı parlament seçkilərinə "Yeni hədəflərə doğru!" devizi ilə gedən Yeni Azərbaycan Partiyası seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. Əsası Ümummilli Lider tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların, o cümlədən gənclərin rifahının yaxşılaşmasına xidmət edir və bu gün də bu proses davam edir. Bu gün parlament seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də, məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq".
Sonda M.Nağıyev bir daha dövlətin müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyin daha da güclənməsi yolunda seçiciləri, həmçinin gəncləri parlament seçkilərində fəal olmağa və seçimdə məntiqə söykənməyə səslədi.
YAP tərəfindən 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Şəmsəddin Hümbət olğlu Hacıyev gənclərlə görüşdə çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və üçüncü dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə dolğun və ətraflı məlumat verdi.
Ş.Hacıyev Azərbaycanın uğurlu inkişafından danışaraq bildirdi ki, son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Ş.Hacıyevin sözlərinə görə, müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Deputatlığa namizəd onu da vurğuladı ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir: "Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Belə ki, 2003-cü ildən başlayaraq ölkədə istər əmək haqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb. Həmçinin, bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq, 3692 ABŞ dollarına çatıb, orta aylıq əmək haqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə yüksəlib. Bütün bu tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 5 faizədək azaldılıb".
Ş.Hacıyev, həmçinin dövlət-gənclər siyasətindən danışaraq dövlət idarəçiliyində, siyasətdə getdikcə gənclərə daha çox yer verildiyini vurğuladı: "Belə ki, dövlətin gəncliyin tərəqqisi istiqamətində reallaşdırdığı çoxsaylı sosial layihələr bu nəslin nümayəndələrinin inkişafına kifayət qədər təkan verir. Azərbaycan hakimiyyətinin diqqət mərkəzində olan gəncliyə dövlət tərəfindən hər zaman qayğı göstəriləcəkdir. Bu, birbaşa möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin nəzarətindədir". O cümlədən, YAP-ın uğurlarının həm də Azərbaycan xalqının uğurları olduğunu və bütün bu uğurların qazanılmasında dövlətimizin başçısının tükənməz zəhmətinin, qətiyyətinin olduğunu bildirən namizəd gəncləri qarşıdan gələn seçkilərdə fəal olmağa, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev olan YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Şəmsəddin Hacıyev ümidvar olduğunu bildirərək, görüşə gələn gənclərin hər birini keçirilən bütün siyasi kampaniyalarda Azərbaycanın heyrət doğuran reallıqlarının davamına tərəfdar olmağa səsləyib.
Sonda gənclərin istək və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.
R.HÜSEYNOVA