Arzu Nağıyev: "Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün Rusiyaya beynəlxalq təşkilatlar tərəfindən təzyiqlər edilməlidir"
Müsahibimiz politoloq Arzu Nağıyevdir
- Arzu müəllim, Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri güzəştlərə getmək və gərginliyi azaltmağa çağırış edib. Olmazmı Rusiya bu cağrışı birbaşa öz vassalı olan Ermənistana etsin?
- Rusiya ATƏT-in Minsk Qrupunun üzvüdür və həmsədrlərindən biri məhz Rusiyanın nümayəndəsidir.Təbii ki, həmin həmsədr də münaqişənin həllində Rusiyanın təkliflərini irəli sürür və siyasətini dəstəkləyir. Belə olduğu halada, Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri güzəştlərə getmək və gərginliyi azaltmağa çağırışı sıradan bir bəyanatdır və düşünürəm ki,heç bir mühüm əhəmiyyət daşımır. Bunun da səbələrindən biri məhz Ermənistanla Rusiyanın strateji tərəfdaş olmasıdır. Təbii ki, Rusiya bu gün demək olar ki, Ermənistan iqtisadiyyatının yarıdan çoxuna nəzarət edir və ərazisində çoxsaylı hərbi kontinqentə malik 102 saylı bazası və İribuni aerodromunda qırıcıları var. Bundan başqa Avroasiya İttifaqına üzvü kimi təsir mexanizmi məhz Rusiyanın imkanları sırasındadır. Bütün bunlar olan yerdə Rusiya Ermənistana hər cürə təsir etmək imkanına malikdir və təəssüf ki, bunu etmir. Azərbaycan Madrid prinsipləri, o cümlədən ərazi bütövlüyü çərçivəsində istənilən danışığa gedəcəyi haqqında dəfələrlə bəyanat verib və təəssüf ki, ATƏT-in Minsk Qrupu sülh bəyanatları verməklə, öz işini bitmiş sayır…
- Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etməyə hazırlaşır. Hakimiyyət dəyişikliyi baş verərsə, bu, o demək olacaqmı ki, Dağlıq Qarabağ münaqişəsinin həllində proseslər bir qədər də uzanacaq?
- Bu məlumatın nə dərəcədə düzgün olmasının özü sual altındadır. Düzdür, Ermənistan parlament idarə sisteminə keçəcəyini bəyan edib və bununla əlaqədar referendum keçirərək konstitusiyada dəyişiklik etmək fukrundədir. Lakin bu, hələ o demək deyil ki, hakimiyyət dəyişir. Təbii ki, bu gün Ermənistanda iqtidar əsasən Dağlıq Qarabağ kartı ilə və daha doğrusu, əlləri qana bulanmış səhra komandirlərindən ibarət cinayətkar dəstədən ibarətdir və münaqişədə stasus-kvo saxlamaqla öz iqtidar zamanını uzadırlar.Lakin bütün bunlara baxmayaraq, təbii ki, Rusiya istənilən formada bu proseslərə təsir edə bilər.
- Necə düşünürsünüz, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün daha çox Rusiyaya təzyiqlər edilməlidir?
- Bir daha qeyd etmək istəyirəm ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində açar fiqurlardan biridir, eyni zamanda münaqişə tərəfinin birinin müttəfiqi və strateji tərəfdaşıdır.Bir müddət öncə ABŞ münaqişənin həllinidə təşəbbüsü ələ almağa çalışdı. Lakin Rusiya hər cür buna mane oldu və bir daha göstərdi ki, Cənubi Qafqazda və ümumiyyətlə keçmiş MDB məkanında özünün iştirakilə yaranmış münaqişə ocaqlarını yatırtmaq üçün məhz özünün iştirakı vacibdir. Bunu sübut etmək üçün Dağlıq Qarabaq və sərhəd rayonlarda atəşkəs pozuldu və itkilər oldu. O fikirlə razıyam ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün Rusiyaya beynəlxalq təşkilatlar tərəfindən təzyiqlər edilməlidir və təbii ki,Azərbaycan tərəfi də təcavüzkarı danışıqlar masasına əyləşdirmək üçün hərbi güc nümayiş etdirməlidir.
- ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin ilin sonuna qədər görüşünün təşkil olunacağını bəyan edirlər. Sizcə, bu görüş baş tuta biləcəkmi? Əgər baş tutarsa, nəticəsi nə olacaq?
- İnandırıcı görünmür. ATƏT-in Minsk Qrupu təbii ki, öz işini nümayiş etdirmək üçün bu addımı atacağını bildirdi və hətta Uorlik də bir bəyanatla çıxış etdi. Ancaq bu gün sülhdən söhbət gedirsə, birinci şərt ərazi bütövlüyüdür. Sarkisyanın son bəyanatında Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bildirməsi bir daha onların çirkin məram və məqsədləri olduğunu göstərir. Kəsilməyən atəşkəsdən, hər gün baş verən hərbi müdaxilədən və itkilərdən sonra belə bir şərairdə nədən danışmaq olar? Danışıq o vaxt olar ki, tərəflər beynəlxalq norma və qanunlara riayət etsin, təbii ki, ermənilər bunu etmir. Demək, danışıqlar da olmaya bilər və yəqin ki, olmayacaqdır.
GÜLYANƏ