1 noyabr 2015-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərilə əlaqədar 9 oktyabr 2015-ci il tarixdən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi tərəfindən partiyanın namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla keçirilir. Dünən YAP Mərkəzi Seçki Qərargahının 53 saylı Quba-Qusar Seçki Dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Abramov Yevda Sasunoviçin Qonaqkənd inzibati ərazi dairəsində Xaşı, Gömür-Dəhnə, Ördüc, Cimi kəndlərinin, Xaltan inzibati ərazi dairəsinin Muçu, Çarxaçu, Nütəh, Utuq kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşdə YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev çıxış edərək noyabrın 1-də MM-ə növbəti parlament seçkilərinin keçiriləcəyini qeyd edib. YAP-ın hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürdüyünü bildirən rayon təşkilatının sədri partiyanın "Yeni hədəflərə doğru" şüarı ilə parlament seçkilərində iştirak etdiyini diqqətə çatdıraraq, seçicilərin dəstəyilə qarşıya qoyulan hədəflərə çatacağına əminliyini bildirib.
Görüşdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Yevda Abramov seçicilərə platformasından danışıb. O, bu günə qədər gördüyü işləri vurğulayaraq, qarşısına qoyduğu məqsəd və hədəfləri də diqqətə çatdırıb.
Sonra onların istək və arzularını, təkliflərini dinləyib, onları maraqlandıran sualları ətraflı cavablandırıb.
Seçicilər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini, Ona olan sədaqətini vurğulayıblar. Qeyd olunub ki, 1 noyabrda partiyanın namizədinə səs verəcəklər.
NƏZAKƏT