Xaçmaz əhalisi 1 noyabr parlament seçkilərində YAP-ın namizədinə səs verəcək
Dünən YAP Mərkəzi Seçki Qərargahı Xaçmaz rayon şöbəsi 55 saylı Xaçmaz Seçki Dairəsində namizədliyi YAP tərəfindən irəli sürülmüş Səlimov Eldəniz Adil oğlunun Hacıəlibəy kənd seçiciləri ilə görüşü keçirilib.
Keçirilən görüşdə tədbiri giriş sözü ilə namizədin səlahiyyətli nümayəndəsi YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Milli Məclis üzvlüyünə namizəd Eldəniz Adil oğlu Səlimovun həyatı və fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib: "Yeni Azərbaycan Partiyası ölkədə keçirilən bütün seçkilərə böyük əhəmiyyət verir, hər bir seçkiyə çox ciddi, qələbə əzmi ilə hazırlaşır. "Yeni hədəflərə doğru!" 1 noyabr parlament seçkilərində YAP-ın başlıca devizidir. Partiya namizədlərinin təbliğatı məhz bu şüarla, fəal şəkildə həyata keçirilir. Seçicilərin YAP namizədlərinin təşviqatında fəal, kütləvi şəkildə iştirak etməsi bizi çox sevindirir. Bu, bir daha təsdiqləyir ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanacaq. İnanıram ki, millət vəkili seçiləcəyi təqdirdə, E.Səlimov Xaçmaz əhalisini parlamentdə layiqincə təmsil edəcək".
Görüşdə çıxış edən deputatlığa namizəd Eldəniz Səlimov göstərilən xoş münasibətə, səmimiyyətə görə, seçicilərə təşəkkür edib. O bildirib ki, 1 noyabr seçkilərində seçicilərin əksəriyyətinin etimadını qazanacağına ümid edir: "İnanıram ki, seçicilərin yüksək dəstəyi sayəsində millət vəkili seçiləcəyəm. Yeni Azərbaycan Partiyasının namizədi kimi, bu gün seçicilər və partiya qarşısında daşıdığım böyük məsuliyyəti yaxşı dərk edirəm. Seçiciləri 1 noyabr seçkilərində fəal olmağa, düzgün, ədalətli seçim etməyə çağırıram".
Keçirilən görüşdə seçicilərdən Abasyar Heydərov, Mehriban Qurbanova, Xanlar Mədətov və başqaları çıxış edərək 1 noyabrda YAP-ın namizədinə səs verəcəklərini bildirblər.
R.HÜSEYNOVA