Fəttah Heydərov: "Biz ölkəmizdəki sabitliyin qədrini bilməli, bu sabitliyi pozmaq istəyənlərə layiqli cavab verməliyik"
116 saylı Qəbələ Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizəd Fəttah Heydərov oktyabrın 15-də Nic qəsəbəsindən olan seçicilərlə görüş keçirib. Görüşü deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Abil Ağasəfov açaraq Fəttah Heydərovun I, II, III və IV çağırış Milli Məclisin deputatı olduğu dövrdə hər zaman seçiciləri qarşısında ona göstərilmiş etimadları doğrultduğunu bildirib. Qəbələnin inkişaf və tərəqqisində, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasında Fəttah Heydərovun gördüyü çoxsaylı işlərdən danışan səlahiyyətli nümayəndə, həmçinin bildirib ki, görülən işlər ölkə başçısı Cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib: "Prezident İlham Əliyevin dəstəyi ilə Qəbələnin Nic qəsəbəsində aparılan abadlıq- quruculuq işləri qəsəbə əhalisi tərəfindən razılıqla qarşılanmışdır."
Abil Ağasəfov seçiciləri noyabrın 1-də fəal olmağa və Fəttah Heydərova səs verəməyə çağırıb.
Sonra çıxış üçün söz deputatlığa namizəd Fəttah Heydərovun vəkilləri Telman Abduxalıqova və Frans Vartanova verilib. Vurğulanıb ki, Fəttah Heydərov 1995-ci ildə birinci çağırış Milli Məclisə deputat seçildikdən sonra öz əməli fəaliyyəti ilə seçicilərin etimadını doğruldub onlara həmişə diqqətlə yanaşıb: "Milli Məclisin deputatı kimi Fəttah Heydərovun fəaliyyəti çoxşaxəli olub. Parlamentin Regional Məslələlər Komitəsinin sədr müavinidir. O, ATƏT-in Parlamentlərarası Assambleyasının üzvü, Azərbaycan-Səudiyyə Ərəbistanı Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Avstriya və Azərbaycan-Koreya Parlamentlərarsı İşçi Qrupunun üzvü kimi beynəlxalq aləmdə vətənimizi layiqincə təmsil edir."
Çıxışlarının sonunda deputatlığa namizədin vəkilləri seçiciləri öz layiqli namizədinə dəyərli insan, gözəl ziyalı Fəttah Heydərova səs verməyə çağırıb.
Sonra çıxış üçün söz Nic qəsəbə sakinlərinə verilib. Sakinlərdən Rövşən Balayev, Asya Quqasova, Əvəz Əhmədov və başqaları çıxış edərək Fəttah Heydərovun keçən müddətlərdə verdiyi hər bir vədinə sadiqliyindən, seçicilərlə tez-tez görüşməsindən, onların və bütövlükdə qəsəbənin problemləri ilə maraqlandığından və həlli istiqamətindən, gördüyü işlərdən danışıblar.
Görüşdə çıxış edən Fəttah Heydərov iştirakçıları salamlayaraq seçicilərə daim ona göstərilən etimada görə minnətdarlıqlarını bildirib. O, qeyd etdi ki, Qəbələ rayonunda, o cümlədən Nic qəsəbəsində aparılan abadlıq-quruculuq işləri ölkə Prezidenti İlham Əliyevin bütün bölgələrə, o cümlədən Qəbələ rayonuna göstərdiyi diqqət və qayğının nəticəsidir: "Azərbaycanımız bu gün yüksək inkişafdadır. Azərbaycanımızda sabitlikdir, biz ölkəmizdəki sabitliyin qədrini bilməli, bu sabitliyi pozmaq istəyənlərə layiqli cavab verməliyik. Bu gün ağsaqqallar gənclərə məsləhət verməli, onlara doğru və düzgün yolla getməyi öyrətməlidirlər."
Çıxışının sonunda Fəttah Heydərov seçkilərdə hər kəsi fəal olmağa çağırmış, seçildiyi halda isə öz seçicilərinin etimadını layiqincə doğrultmaq üçün səy və bacarığını əsirgəmiyəcəyini bir daha vurğulayıb.
Rövşən NURƏDDİNOĞLU