Goranboy seçiciləri YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayırlar
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı 1 noyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar təbliğat kampaniyası uğurla davam edir. 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Vəliyev Ağalar İsrəfil oğlunun Yeni-yol kəndində seçiciləri ilə görüşü keçirilib. Görüşü YAP rayon təşkilatının sədri Elçin İsmayılov açaraq qeyd edib ki, partiya tərəfindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevi ölkəmizdə, eləcə də respublikadan kənarda tanınan ən nüfuzlu simalardandır. Belə ki, Ağalar Vəliyev Goranboy rayonunda gördüyü çoxşaxəli işləri ilə daim seçilib: "Ağalar müəllim rayonumuzda məskunlaşmış qaçqınlar üçün Aşağıağcakənd qəsəbəsində yaşayış binasının tikintisini reallaşdırmış, eyni zamanda onun rəhbərlik etdiyi Aqrartikinti Səhmdar Cəmiyyəti bu işlərin reallaşdırılmasında önəmli rol almışdır."
Elçin İsmayılov, o cümlədən daha bir tarixi hadisəni xatırladaraq deyib ki, 2002-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Goranboy rayonuna səfəri zamanı həmin qəsəbənin açılışında Ağalar Vəliyev də iştirak etmişdir. Ağalar müəllim, eyni zamanda rayona Murovdağdan 36 km. məsafədən 17 kəndə içməli su çəkilişinin tikintisini və su kanalizasiya sisteminin yenilənərək, müasir standartlara uyğunlaşdırılmasını rəhbərlik etdiyi Aqrartikinti Səhmdar Cəmiyyəti həyata keçirmişdir."
Sonra Ağalar Vəliyevin vəkilləri Şahin Allahverdiyev və Məzahir Zeynalov onun tərcümeyi-halı və əmək fəaliyyəti barədə geniş məlumat veriblər. Onlar seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Daha sonra seçicilərə söz verilib. Seçici Gülbəniz Abbasova çıxış edərək bildirib ki, Yeni-yol kəndi kənd təsərrüfatı və maldarlıqla məşğul olur. Kənd caamatı işgüzar və zəhmətsevərdir. Hər bir sakin isə məhz dövlət rəhbərliyinin apardığı daxili və xarici siyasəti daimi dəstəkləyir: "Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Biz YAP üzvləri Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Cənablarının ətrafında sıx birləşmişik və Onun rəhbərlik etdiyi partiya üzvü olan YAP tərəfindən namizədliyi irəli sürülmüş və uzun müddət öz dövlətinə sadiq qalaraq xeyirəçilik işi ilə məşğul olan respublikamızın hər guşəsində öz fəaliyyəti ilə iz qoymuş Ağalar Vəliyevi dəstəkləyəcəyik və ona səs verəcəyik."
Seçici Cəfər Əliyev isə çıxışında Ağalar Vəliyevin həyat fəaliyyəti ilə tanış olduğunu bildirərək qeyd edib ki, Goranboy rayonu Yevlax rayonu ilə qonşudur və o, hələ Dəmir-Beton zavodunda işləyərkən, kəndindən olan bir çox insanlar onun rəhbərlik etdiyi zavodda işləmişlər və onu səmimi insan, qayğıkeş rəhbər, xeyriyyəçi bir insan kimi tanıyıblar: "Biz Yeni-yol seçiciləri artıq öz seçimimizi etmişik. Bu seçimi reallaşdırmaq üçün hər birimiz noyabrın 1-də seçki məntəqəsinə gələrək Ağalar Vəliyevə səs verəcəyik."
Sonda söz namizəd Ağalar Vəliyevə verildi. O, 4-cü çağırış Qaradağ rayonundan irəli sürüldüyü namizədliyi dövründə gördüyü işlər barədə seçicilərə geniş məlumat verib: "Orada apardığı quruculuq və xeyriyəçilik işlərini seçildikdən sonra 97 saylı Goranboy-Ağdam-Tərtər dairəsinin əhatə etdiyi kənd və qəsəbələrdə davam etdirəcəyəm və beş il müddətində bu ərazilərdə öz izimi qoymağa söz verirəm."
Tədbirin yekununda seçicilərlə xatirə şəkli çəkdirilib.
Rövşən RƏSULOV