BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin Vyanadakı qərargahında Kot D’İvuar (Fil Dişi Sahili) Respublikası tərəfindən BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının (UNCAC) icrasının dəyərləndirilməsi ilə əlaqədar iclas keçirilib. Həmin iclasda Kot D’İvuar Respublikasında bu il sentyabrın 22-dən 25-dək həyata keçirilmiş dəyərləndirmə səfərinin ilkin nəticələri müzakirə edilib.BMT-nin təşkilati dəstəyi ilə həmin dəyərləndirmə Azərbaycan Respublikası və Konqo Demokratik Respublikasının mütəxəssisləri tərəfindən icra olunub. Dəyərləndirmə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev tərəfindən aparılıb. Azərbaycanlı mütəxəssisin daxil olduğu beynəlxalq nümayəndə heyəti səfər çərçivəsində bu ölkənin daxili işlər və təhlükəsizlik naziri, Düzgün İdarəetmə Yüksək Komissiyasının baş katibi və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirib.İki hissədən ibarət olan dəyərləndirmənin birinci mərhələsində korrupsiyaya qarşı mübarizə sahəsində cinayət qanunvericiliyinin konvensiyanın tələblərinə uyğunlaşdırılması, o cümlədən rüşvət, mənimsəmə, vəzifə səlahiyyətindən sui-istifadə, vəsaitlərin qanunsuz leqallaşdırılması kimi cinayət tərkiblərinin tamlığı nəzərdən keçirilib, tətbiqi təhlil edilib, bu prosesdə lazımi texniki ehtiyaclar və aparıcı təcrübə müəyyən edilib. İkinci mərhələdə isə korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar beynəlxalq əməkdaşlıq, o cümlədən ekstradisiya, cinayət işlərinin istintaqı zamanı qarşılıqlı hüquqi yardım, əməliyyat-axtarış tədbirlərinin düzgün tənzimlənməsi, təşkili və əlaqələndirilməsi aparılıb. Dəyərləndirmənin nəticələri ümumi hesabatda və icmalda əks olunacaq.Sözügedən dəyərləndirmə azərbaycanlı mütəxəssisin son iki ildə BMT xətti ilə aparılmış ikinci beynəlxalq dəyərləndirməsidir.Xatırladaq ki, 2013-cü il avqustun 20-dən 23-dək E.Musayev Peru Respublikasının mütəxəssisi ilə birlikdə UNCAC-ın icrasının dəyərləndirilməsi məqsədilə Meksika Birləşmiş Ştatlarında səfərdə olub.
AZƏRTAC