ABŞ-ın nüfuzlu şirkəti "Arthur J. Finkelstein & Associates"in apardığı sorğunun yüksək olması Prezident İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir
Məlum olduğu kimi, oktyabrın 14-də ABŞ-ın nüfuzlu "Arthur J. Finkelstein & Associates" şirkəti seçkiqabağı sorğunun nəticələrini açıqlayıb. Sorğu ölkədə 5,1 milyon seçicini əhatə edən geniş məsələlərə toxunub. Rəyi soruşulanların 82,1 faizi "Ümumilikdə Prezident İlham Əliyevin işini necə qiymətləndirərdiniz" sualına "yaxşı" və ya "əla" cavabını veriblər. "Ölkə düzgün istiqamətdə hərəkət edirmi" sualına isə respondentlərin 77,1 faizi "düzgün istiqamətdə" cavabını verib. Yalnız 14,7 faizi bildirib ki, istiqamət düzgün deyil. Bu barədə ABŞ-ın "The Street" nəşri şirkətin hesabatına istinadən yazır.
AJF - ABŞ-da fəaliyyət göstərən nüfuzlu şirkətdir. Bu şirkət "exit-poll", sorğu-təhlillərin keçirilməsi üzrə xidmətlər göstərir, eləcə də mediastrategiya və imiclə bağlı konsultasiya aparır. "Arthur J. Finkelstein & Associates" 40 ildir siyasi konsaltinq və araşdırmalar sahəsində fəaliyyət göstərir. Şirkətin nümayəndələri ABŞ, Kanada, İsrail və Şərqi Avropa ölkələrində müxtəlif siyasi kampaniyalarda iştirak edib, eləcə də sorğu aparıb və strategiya hazırlayıblar. Hesabatda deyilir: "Hazırda ölkə üçün hansı problem daha vacibdir" sualına azərbaycanlıların 7,2 faizi "iqtisadiyyat" cavabını verib, 41,3 faizi isə Ermənistanın qoşunlarının dərhal çıxarılmasına çağıran beynəlxalq qətnamələri pozmaqla işğalını davam etdirdiyi 7 ətraf rayonla birlikdə Dağlıq Qarabağ məsələsinin olduğunu deyib.
AJF-nin icraçı direktoru Corc Birnbaum deyib ki, Dağlıq Qarabağın ölkə qarşısında daha vacib məsələ olduğunu deyənlər iqtisadiyyat cavabını verənlərdən 5 dəfə çox olub. O, əlavə edib ki, bu, hökumətin siysətinin bütün aspektlərinə aid olan çox emosional məsələ olaraq qalır: "Bunu Qərbin bir çox müşahidəçiləri, sadəcə başa düşmür".
Geosiyasi məsələlərə gəlincə, respondentlərin 81,7 faizi razılaşıb ki, "Azərbaycan əksər ölkələrin qeyri-sabit olduğu regionda sabitlik adasıdır" və Avropada baş verənləri nəzərə alsaq, ən əsası budur ki, indiki hökumət Azərbaycanda mühacirət böhranının qarşısını almaq üçün hər şey edib. 80 faizdən çox azərbaycanlı hesab edir ki, təhlükəsizlik məsələləri üzrə Qərb ölkələrinin kəşfiyyatı ilə əməkdaşlıq edən ölkə rəhbərləri xalqı terror aktlarından qoruyub. Hesabatda deyilir ki, seçicilərin 74,4 faizi hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə hazırlaşır, 14 faizi isə hələ müəyyənləşdirməyib: "Bu, o deməkdir ki, YAP-ın namizədlərinin seçki dairələrinin böyük əksəriyyətində qalib gələcəyi gözlənilir".
C.Birnbaum əlavə edib ki, seçicilər siyasi və iqtisadi sabitlik, terrordan uzaq və təhlükəsiz olmağı istəyirlər ki, seçdikləri nümayəndələr Dağlıq Qarabağın qaytarılması uğrunda mübarizəni davam etdirsinlər.
Qeyd edək ki, 1000 qeydiyyata alınmış seçici ilə sorğu sentyabrın 28-dən oktyabrın 9-dək Azərbaycan üzrə 108 seçki dairəsində "üzbəüz" keçirilib.
Bu uğurların təməli güclü dövlət idarəçiliyidir
Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla və yeni çalarlarla zənginlədirilmiş şəkildə həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə islahatçı, innovativ bir ölkə imicini formalaşdırmış, əməkdaşlığa can atılan dövlətlərdən birinə çevrilmişdir. Son on iki ildə Azərbaycanın iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndirməsi, beynəlxalq imici, regionun lideri olaraq özünü təsdiqləməsi ölkəmizin seçdiyi yolun düzgünlüyü həqiqətini təsdiq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Ötən dövrü xarakterizə edən faktların ümumi təhlili göstərir ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyev siyasi kursunu həyata keçirməyə qadir dövlət xadimi olaraq özünü doğrultmuşdur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyada nüfuzlu siyasi lider kimi tanınır. Belə ki, bir müddət öncə Britaniyanın "The Business Year" jurnalı dövlət başçımızı "İlin adamı" elan etmişdi. Bunun ardınca Prezident İlham Əliyev Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə, türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçildi. Jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak edib. Jurnalda dövlət başçımızın Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Qeyd edək ki, Türkiyənin ən nüfuzlu media qruplarından biri olan "Ekovitrin" 14 ildir ki, iqtisadiyyat sahəsində müxtəlif proqramlar hazırlayaraq, qardaş ölkənin televiziya kanallarında nümayiş etdirir, ölkənin iqtisadi uğurlarını həm Türkiyə, həm də dünya ictimaiyyətinə çatdırır. Bu media qrupunun 2000-ci ildən buraxılan "Ekovitrin" aylıq jurnalı Türkiyənin ən sanballı nəşrlərindən birinə çevrilib. Türkiyə ilə yanaşı, Asiya regionunda da geniş yayılan "Ekovitrin" jurnalı ənənəvi olaraq iqtisadiyyat, biznes, sənaye, ixracat, maliyyə, investisiya, siyasət və yerli idarəçilik sahələrində "İlin adamları"nı seçir. Xatırladaq ki, 2005-ci ildə Türkiyədə və xaricdə yaşayan 9 minə yaxın oxucunun iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə Prezident İlham Əliyev "Avrasiyada ilin siyasət adamı" elan olunmuşdu. Göründüyü kimi, dövlət başçımız dünyada müsbət imici ilə tanınan nüfuzlu dövlət xadimlərindəndir. Bu uğurun təməlində dayanan səbəb isə, ilk növbədə, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin səmərəliliyinin Azərbaycanın daxili və beynəlxalq nailiyyətləri qismində əksini tapmasıdır. Ümumilikdə, bütün bu uğurları şərtləndirən strateji faktorlara nəzər salmaq üçün ölkəmizin daxili və xarici siyasət kursunun əsaslarına diqqət yetirmək lazımdır.
Dövlətin siyasəti - insan amili
Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Sözsüz, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. 2003-cü ildən bu günədək ölkədə bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi 5,1 faizə düşüb. Yoxsulluq 5,2 faizədək enib. Bu rəqəm yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Bütün bunların fonunda dövlətimizin başçısı bir-birinin ardınca yüksək mükafatlara layiq görülür.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".
Beləliklə, bir daha qeyd etmək mümkündür ki, Cənab Prezident İlham Əliyevin istiqamətləndirdiyi uğurlu siyasət nəinki Azərbaycana, eləcə də dünyanın bir çox aparıcı ölkələrinə öz əvəzsiz töhfələrini verməkdədir. ABŞ-ın nüfuzlu şirkəti "Arthur J. Finkelstein & Associates"in apardığı sorğunun yüksək olması Prezident İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir.
R.KAMALQIZI