Ağcabədi rayonunun Xocavənd və Aşağı Avşar kəndinin seçiciləri ilə Yeni Azərbaycan Partiyası tərəfindən 82 saylı Ağcabədi Seçki Dairəsindən deputatlığa namizəd Tahir Rzayevin görüşü keçirilib.
Görüşləri Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin sədri Rövşən Əhmədov açaraq, son illər ölkəmizdə böyük inkişaf olduğunu vurğulayaraq əhalinin rifahının yüksəldiyini, regionların sosial-iqtisadi inkişafı proqramlarının uğurla həyata keçirildiyini, məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycanın dünyada lider dövlətlərdən birinə çevrildiyini vurğulayıb.
Görüşdə deputatlığa namizəd Tahir Rzayev çıxış edərək, ölkəmizdə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlərdən danışıb. O, bölgələrdə sosial-iqtisadi inkişaf sahəsində uğurlar əldə edildiyini, ölkəmizin beynəlxalq imicinin yüksəldiyini vurğulayaraq, bütün bu uğurlarla yanaşı, hələ də həllini gözləyən problemlər olduğunu da qeyd edib. Bu problemlərin də öz həllini tapacağını qeyd edən Tahir Rzayev bunun da zamana ehtiyacı olduğunu bildirib.
Tahir Rzayev, eyni zamanda, dünyada demokratiya pərdəsi altında böyük dövlətlərin öz maraqları üçün kiçik, sərvətləri olan, müstəqil siyasət yürüdən ölkələrin işinə müdaxilə etdiyini, dünyada baş verən məsələlərə ikili standartlarla yanaşıldığını vurğulayıb: "Məhz buna görədir ki, 25 ildən artıq davam edən Dağlıq Qarabağ problemi öz həllini tapmır. Ona görə də biz möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ətrafında sıx birləşməli, Ulu Öndər Heydər Əliyev siyasətini davam etdirməliyik".
Görüşdə çıxış edən Xocavənd kənd sakinləri Hidayət Fərhadov, Məhərrəm Mamedov, Aşağı Avşar kənd sakinləri Novruz Yusifov, Təyyar Nərimanov ölkə başçısı İlham Əliyevin siyasətini dəstəklədiklərini, millət vəkili kimi, son beş ildə uğurlu fəaliyyət göstərdiyinə, rayon əhalisinin qayğılarını, arzu və istəklərini diqqət mərkəzində saxladığına görə, Tahir Rzayevdən razı qaldıqlarını bildiriblər.
ZÜMRÜD BAYRAMOVA