112 saylı Qax seçki dairəsinin məntəqə seçki komissiyalarında noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi "Təqvim planı"na uyğun davam etdirilir. Dairənin tərkibinə daxil olan 58 seçki məntəqəsinin hər biri səsvermə gününə tam hazır vəziyyətə gətirilib.AZƏRTAC-ın müxbiri seçkilərə hazırlıqla bağlı görülən işlərlə yerində tanış olmaq məqsədi ilə bir neçə seçki məntəqəsində olub, məntəqələrin hazırlıq vəziyyəti ilə maraqlanıb.Dairənin tərkibinə daxil olan 2 saylı seçki məntəqəsi Qax şəhərindəki 2 nömrəli məktəb-liseyin binasında yerləşir. Seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün burada hər cür şərait yaradılıb. Seçki məntəqəsi təzə ofis mebeli, səsvermə qutuları, səsvermə kabinələri və digər zəruri texniki vasitələrlə təchiz olunub. Binanın qarşısında, həmçinin məntəqənin əhatə etdiyi ərazidə təbliğat vasitələri, plakatlar asılıb.Məntəqə seçki komissiyasının sədri Abdulla Orucovun bildirdiyinə görə, dəqiqləşdirilmiş son seçici siyahısına əsasən, məntəqə üzrə 1165 nəfər seçici qeydə alınıb. Hazırda məntəqədə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin hazırlanması işi görülür. Bildirişlər səsverməyə 10 gün qalmış seçicilərə çatdırılacaq. Komissiya üzvlərinin hər biri səsvermə günü prosedurları barədə təlimatlandırılıb, onlar üçün praktiki məşğələlər keçirilib. Səsvermənin gedişini izləmək üçün məntəqədə veb-kamera da quraşdırılıb.Şəhərdəki 4 nömrəli tam orta məktəbdə yerləşən 56 saylı seçki məntəqəsi də səsvermə gününə tam hazır vəziyyətdədir. Məntəqə seçki komissiyasının sədri Hümmət Hümmətovun sözlərinə görə, komissiya üzvləri səsvermə gününə çox ciddi hazırlaşırlar. Peşə hazırlıqlarını, bilik və vərdişlərini artırmaq üçün onlar təlim kurslarında da iştirak ediblər. Məntəqə üzrə 1230 nəfər seçici qeydə alınıb. Seçicilərin 17 nəfərinin yaşı 80-dən yuxarıdır. Müraciət olunarsa, səsvermə günü evlərə daşınan seçki qutusu da göndəriləcək. Səsvermə günü ilə bağlı bildirişlərin yazılması işi də başa çatmaq üzrədir və tezliklə bildirişlər ünvanlarına çatdırılacaq.Dairənin tərkibinə daxil olan digər seçki məntəqələrində də səsvermə gününə hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun aparılır.
AZƏRTAC