Azərbaycana qarşı hər zaman qərəzli və qeyri-obyektiv mövqeyi ilə seçilən "Freedom House" təşkilatı erməni lobbisinin və bəzi Qərb dairələrinin təsiri altında fəaliyyət göstərir. Tez-tez hazırlayıb bəyan etdiyi hesabatlarında ikili standartlar diqqəti çəkir. Onların hər hansı ölkə barədə hesabatları "hami"lərinin həmin ölkəyə olan münasibətlərindən asılıdır. Beynəlxalq insan haqlarının "müdafiə qrupu" kimi özünü təqdim edən təşkilatın ağa qara dediyi təkzibolunmaz faktlarla sübut olunub.
Son zamanlar dünyada insan hüquq və azadlıqları barədə yanaşmalar dəbdədir. Hansısa dövlətin müsbət beynəlxalq imicini "tapdalanmış hüquq və azadlıqlar" fonunda mənfiyə dəyişmək mümkündür. "Human Rights Watch", "Amnesty İnternational", "Freedom House" kimi beynəlxalq qeyri-hökumət təşkilatlarının bu sahədə "təcrübələr"i daha çoxdur.
"Freedom House" təşkilatı hazırladığı hesabatlarda qərəzli yanaşma sərgiləməklə anti-Azərbaycan mövqeyini açıq-aydın ortaya qoyur. Guya ölkəmizdə insan hüquq və azadlıqları pozulur, sərbəst toplaşmaq azadlığı tapdalanır. Amma Ermənistanla bağlı loyal yanaşma nümayiş etdirirlər. Axı Ermənistanda prezident seçkisindən sonra Yerevanda dinc nümayişçiləri meydanda gülləbaran etmədilərmi? Parlamentdə deputatlara qarşı terror hadisəsi törədilmədimi? İndi Ermənistanda insanların etiraz etmək hüquqları nə dərəcədə təmin edilir? Məsələ burasındadır ki, təmin edilmir. Ölkə vətəndaşları öz mövqelərini hakimiyyət dairələri qarşısında müdafiə edə bilmirlər. Sosial-iqtisadi vəziyyətin çox ağır olmasına baxmayaraq, etiraz aksiyalarının qarşısı süni yollarla alınır. Nəhayət, bu necə qismən "azad ölkə"dir ki, qonşu dövlətin torpaqlarının 20%-ni işğal edib, minlərlə dinc sakini əsirlikdə saxlayır, insanları girov götürür, cəbhə xəttində təxribatlar törədir?! Bu faktları bütün nüfuzlu dünya təşkilatları qəbul edir, amma "Freedom House" kimi xüsusi maraqlarla idarə olunan təşkilat isə yox. Bəs bu, qərəz deyilmi?
Azərbaycanın sürətli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu tək xarici yox, daxili düşmənlərimizi də narahat edir. "Freedom House" kimi təşkilatları "lazımi materiallarla" təmin edən, özlərini "hüquq müdafiəçilər"i kimi təqdim edən bəzi şəxslərin Azərbaycana qarşı "qara piar" kampaniyasında xüsusi canfəşanlıq edirlər. Məhz hazırlanan hesabatlar da bu kimi insanların "birgə əməyi"nin məhsuludur. Bununla da dünyaya təqdim edilən mənzərə başqa, reallıq isə tamam başqa olur.
Bütün bunları vurğulayaraq bir daha deyə bilərik ki, "Freedom House" təşkilatının Azərbaycana qarşı mövqeyi tam qərəzli və ədalətsizdir.
Tofiq Abdullayev