PDF Oxu

Siyasət

  • 16

Adil Əliyev veteranlarla görüşüb

Adil Əliyev veteranlarla görüşüb

Dünən Milli Məclisə keçiriləcək seçkilərdə 20 saylı Nərimanov rayonu II Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil Əliyevin veteranlarla görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri, general-mayor Dadaş Rzayev, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı hərbçi Tofiq Ağahüseynov, istefada olan polkovniklər Cəlil Xəlilov, Adil Haqverdiyev, Elşad Şabanov və digər vetranlar iştirak ediblər.

Görüşü Azərbaycan Respublika Veteranları Şurasının sədri, general-mayor Dadaş Rzayev Ulu Öndər Heydər Əliyevin müharibə veteranlarına qayğısından danışıb, indi də bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. D.Rzayev qeyd edib ki, Nərimanov rayonunda müharibə veteranlarına hər zaman diqqət göstərilir, onların qayğılarına həssaslıqla yanaşılır. Respublika Veteranları Şurasının sədri namizəd haqqında xoş sözlər söyləyərək qeyd edib ki, Nərimanov rayonu II Seçki Dairəsindən deputatlığa namizəd Adil Əliyev daim onlara xüsusi diqqətlə yanaşır, onların hər hansı bir problemi yaranarsa, həlli istiqamətində əlindən gələni əsirgəmir: "Nərimanov rayonunda yaşayan veteranlar Adil Əliyevin Milli Məclisə seçkilərdə ən real namizəd olduğunu düşünür, öz səslərini ona verəcəklərini söyləyirlər".

Çıxış edən deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşlərin yüksək əhval-ruhiyyə ilə keçdiyini və bundan məmnun olduğunu dilə gətirib. Alman faşizmi üzərində qələbənin əldə edilməsində misilsiz xidmətləri olan, qəhrəmanlıq salnaməsi yazan bu əvəzedilməz şəxsiyyətlərlə ünsiyyətdən olduqca şad olduğunu diqqətə çatdıran natiq onlara möhkəm can sağlığı arzulayıb. Adil Əliyev bildirib ki, xalqımızın yüz minlərlə qəhrəman övladının qanı bahasına əldə olunmuş şanlı zəfər naminə, gənc nəslin nümayəndələrinin firavanlığı uğrunda bu qədər qüvvə sərf etmiş bu insanların hər biri bizim üçün canlı tarixdir: "Veteranlarımızın xidmətləri dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir, onlara diqqət və qayğı göstərilir. Söz yox ki, bütün bunların kökündə Ulu Öndər Heydər Əliyev siyasəti dayanır".

Adil Əliyev həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından, paytaxtda, eləcə də Nərimanov rayonunda reallaşdırılan geniş quruculuq işlərindən söhbət açıb.

Görüşdə istefada olan polkovniklər Cəlil Xəlilov,Adil Haqverdiyev, Elşad Şabanov çıxış edərək öz deputatları kimi Adil Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər. Qeyd olunub ki, veteranların qəhrəmanlıqları xalqımız və dövlətimiz tərəfindən yüksək dəyərləndirilir.

İntizarə Məmmədova

Digər xəbərlər