70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nəriman Əlibala oğlu Əliyev rayonun Yeddioymaq kənd seçiciləri ilə görüş keçirib
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nəriman Əlibala oğlu Əliyev rayonun Yeddioymaq kənd seçiciləri ilə növbəti görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsinin sədri Seyfəddin Əliyev son on bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirdi: "Çox sevindirici haldır ki, bu gözəl işlərin müsbət təsiri Masallı rayonunun dəyişən və gözəlləşən simasında da özünü göstərir".
Qarşıdakı növbəti parlament seçkilərinin əhəmiyyətindən söz açan S.Əliyev vurğulayıb ki, qanunverici orqan, məhz xalqın səsverməsi ilə formalaşır. O, vurğulayıb ki, 1 noyabr 2015-ci il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası ilk gündən gözlənildiyi kimi, çox uğurlu başlayıb. S.Əliyev, 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nəriman Əlibala oğlu Əliyev haqqında geniş məlumat verib və növbəti dəfə də millət vəkili seçiləcəyi təqdirdə, Nəriman Əliyev göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu söyləyib.
S.Əliyev Yeddioymaq kəndinin seçicilərinə müraciət edərək, bu uğurların davamlı və uzunmüddətli olması üçün hər kəsi YAP-ın ətrafında sıx birləşməyə və onun namizədlərinə səs verməyə çağırdı.
Seçicilərlə görüşdə çıxış edən YAP-ın 70 saylı Masallı şəhər Seçki Dairəsindən irəli sürülmüş deputatlığa namizəd Nəriman Əlibala oğlu Əliyev ölkəmizin inkişafından, əldə olunan uğurlardan bəhs edib. Nəriman Əliyev bildirib ki, bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır: "Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilir. Son 11 il respublikamızın iqtisadi, siyasi, sosial, elmi və humanitar həyatında mühüm tarixi hadisələrlə zəngin olub. Ölkə həyatının bütün sahələrində, eyni zamanda, daxili və xarici siyasətdə, ictimai bölmədə böyük nailiyyətlər əldə olunub. Bütün qazanılan bu nailiyyətlər ölkə Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub. Ölkəmizdə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gücləndirilməkdədir".
Nəriman Əliyev YAP-ın Seçki Proqramından ətraflı bəhs edərək bildirib ki, partiyamız öz sıralarında, həm də namizədləri siyahısında cəmiyyətdə kifayət qədər nüfuza, intellektual potensiala malik olan və Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi istiqamətində çox önəmli işlər görmüş nümayəndələri birləşdirir. Bu amil vətəndaşların YAP-a olan inamını daha da artırır.
Görüşdə çıxış edən Masallı rayon "Ziyalılar" cəmiyyətinin sədri Qardaş Fətullayev, Yeddioymaq kənd sakini, müəllim Eyvaz Məcidov və başqaları da bugünkü YAP iqtidarının apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər. Çıxış edən seçicilər artıq öz seçimlərini etdiklərini vurğulayaraq, qeyd ediblər ki, onlar üçün başlıca amil ölkəmizin inkişafının və sabitliyinin möhkəmlənməsidir. Ona görə də, masallılar hakim Yeni Azərbaycan Partiyasının namizədi Nəriman Əlibala oğlu Əliyevə səs verəcəklər.
R.KAMALQIZI
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...