Suraxanıda YAP-ın namizədi Sevinc Fətəliyevanın Hövsan və Günəşli seçiciləri ilə görüşü keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında YAP tərəfindən 30 saylı Suraxanı 1-ci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Sevinc Fətəliyavanın Hövsan və Günəşli sakinləri ilə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsinin sədri Vüqar Seyidov bildirdi ki, ölkəmizin ümumi inkişafına töhfəsini verən Yeni Azərbycan Partiyasının resurslarının güclənməsi məhz keçirilən seçkilərdə öz təsdiqini tapır: "Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir. Müstəqillik yolunda inamla addımlayan respublikamız demokratikləşmə və əməkdaşlıq prosesində yaxından iştirak edərək, dövlət kimi dünya birliyinin tərkib hissəsinə çevrilib. Artıq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur".
O bildirdi ki, demokratiya və müstəqillik ideyalarına sadiq olan dövlət başçısı İlham Əliyev milli mənafelərimizi yüksək səviyyədə qoruyur. V.Seyidov demokratik ənənələrə, dövlətin bizə verdiyi azad seçim hüququna söykənərək, hər bir seçicini dövlətimizin daha da inkişafı naminə, 1 noyabr tarixində keçiriləcək parlament seçkilərində fəal olmağa və məntəqələrə gələrək, xalqın etimadını doğrulda biləcək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.
Görüşdə çıxış edən YAP-ın namizədi Sevinc Fətəliyeva ona etimad göstərib növbəti dəfə namizədliyini partiya tərəfindən irəli sürüldüklərinə görə öz təşəkkürünü bildirdi. S.Fətəliyeva çıxışında Azərbaycanda əldə edilən nailiyyətlərdən, sürətli inkişaf tempindən söz açaraq, bildirdi ki, bu dinamik inkişaf Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə olunub.
S.Fətəliyeva çıxışında qeyd etdi ki, ölkəmizdə keçirilən demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi əsasını təşkil edir. Mükəmməl seçki qanunvericiliyi Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir. Xalqının etimadını qazanan və seçkilərdə uğurlar qazanan Yeni Azərbaycan Partiyasına ölkə vətəndaşlarının - seçicilərin böyük dəstək olduğunu nümayiş etdirir. O, əminliklə YAP-ın namizədlərinin bu seçkilərdə də əzəmətli qələbə qazanacaqlarını bildirdi. S.Fətəliyeva seçicilərini partiyanın namizədlərinə səs verməyə çağırdı. Növbəti dəfə deputat seçiləcəyi təqdirdə, seçicilərin etimadını doğruldacağını bildirdi.
Seçicilərdən şəhid anası Zəri Babayeva, Gülşən Hüseynova, Samir Şirəliyev və başqaları çıxış edərək 1 noyabr tarixində keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Prtiyasının layiqli namizədi olan Senvinc Fətəliyevanı dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildirdilər.
ZÜMRÜD BAYRAMOVA