PDF Oxu

Siyasət

  • 29

SİYASİ LİDERLİYİN BARİZ NÜMUNƏSİ

SİYASİ LİDERLİYİN BARİZ NÜMUNƏSİ

Kimsəyə sirr deyil ki, hər bir ölkənin, xalqın beynəlxalq miqyasda tanınmasında, nüfuzunun artmasında, davamlı nailiyyətlər əldə etməsində, həmçinin, qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlik amilinin xüsusi yeri və rolu mövcuddur. Çünki lider o şəxsiyyətə deyilməlidir ki, rəhbərlik etdiyi dövlətin, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, gerçəkləşdirir, cəmiyyətin enerjisinin səfərbər edilməsilə vətəndaşların taleyində əhəmiyyətli reallığa çevrilir. Belə ki, bu cür liderlərin mövcudluğu təbii ki, xalqların perspektivinin qarant altında olmasına və dinamik inkişaf yoluna çıxmasına zəmin yaratmış olur. Ancaq daha bir fakt budur ki, tale hər bir xalqa bu cür mühüm xarizmalara sahib ola biləcək lider bəxş etmir. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev dühasının tarixi liderliyini qəbul etməklə, yaşatmaqla bərabər, hazırda Onun layiqli davamçısı İlham Əliyev Liderliyi dövrünü yaşayır!

Məhz bu mənada, vurğulamaq yerinə düşərdi ki, Azərbaycan xalqını ağrılı-acılı günlərdən çıxarmış, ölkədə sabitliyin yaranmasında qətiyyətli mövqeyini ortaya qoymuş və bunu əldə etmiş Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün 12 ildir ki, Onun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq 12 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində, perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub. Məhz möhtərəm Prezident İlham Əliyev Cənablarının 12 il ərzində həyata keçirdiyi sosial-iqtisadi və siyasi reformalar modern Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini artırıb.

Son 12 ildə 1 milyon 250 min yeni iş yerləri açılıb

Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda bir milyondan artıq yeni iş yerləri açıldı. Ölkənin bütün sahələri inkişaf yoluna qədəm qoydu, yeni sənaye müəssisələri yaradıldı, irimiqyaslı infrastruktur layihələri həyata keçirildi, nəinki paytaxtımızda, ən ucqar rayon və kəndlərimizdə də belə müasir standartlara cavab verən müəssisələr tikilib istifadəyə verildi, beynəlxalq əhəmiyyətli iqtisadi uğurlara imza atıldı.

Azərbaycan neftinin ilk partiyası Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Heydər Əliyev adına Ceyhan terminalına çatdı. Dünyada ən iri qaz-kondensat yataqlarından olan "Şahdəniz" yatağı Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı qazla təchiz etməyə başladı. Daha bir nəhəng layihə - "Şahdəniz-2" yatağı ilə bağlı konsorsium yaradıldı. Ardınca "Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisi başlandı. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər inkişaf etmiş dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər. Belə layihələrin reallaşdırılması ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına güclü dəstək verir.

Dövlət proqramlarının icrasına zəmin yaradılır

Müxtəlif sahələrə dair dövlət proqramlarının, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbulu dövlətimizin inkişafına zəmin yaradır.

Azərbaycan iqtisadi uğurlarla yanaşı, beynəlxalq miqyaslı uğurlara da imza atıb. Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş xarici siyasət nəticəsində beynəlxalq arenada "Azərbaycan modeli" tətbiq olunmağa başlayıb. O model ki, müstəqil, balanslaşdırılmış xarici siyasət kursunu və beynəlxalq siyasətdə milli maraqları öndə tutur. Ölkəmiz 2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətdən 155-nin dəstəyilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu dörd il ərzində Azərbaycan iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik etdi.

Azərbaycan bu illərdə elm, mədəniyyət və idman sahəsində də çox böyük uğurlara imza atdı. Qısa müddət ərzində yarışmalara qatılmasına baxmayaraq, "Avroviziya-2012" Beynəlxalq Mahnı Müsabiqəsi Bakıda keçirildi. Ölkəmiz bu il ilk dəfə olaraq İlk Avropa Oyunlarına ev sahibliyi etdi. Möhtəşəmliyinə və yüksək səviyyədə hazırlığına görə, böyük rezonans doğuran bu tarixi idman hadisəsi ölkəmizin dünya miqyasında rolunu daha da artırdı, xarici turistlərin Azərbaycana axınını gücləndirdi. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycanda keçirilməsi qərara alındı.

Mən bir daha ötən il Cənab İlham Əliyevin ölkə Prezidenti seçilməsi tarixini xatırlamaq istərdim. Çünki bu qələbə həm də Yeni Azərbaycan Partiyasının qələbəsi idi. Məhz həmin zamanlarda xalqımız birmənalı olaraq bildirirdi ki, Azərbaycanın bundan sonrakı inkişafı, milli təhlükəsizliyinin təminatı və işğalda olan torpaqlarımızın azad edilməsi üçün məhz yenidən möhtərəm İlham Əliyevi seçəcək. Uğurlu və möhtəşəm təbliğat -təşviqat kampaniyası ərəfəsində bir daha əmin olduq ki, Prezident İlham Əliyevin namizədliyinin YAP tərəfindən irəli sürülməsi bir xalq sifarişi idi. Təbii ki, xalqın belə yüksək səviyyədə sevgisini qazanmış dövlət Liderini ancaq möhtəşəm uğurlar gözləyir.

Seçkilərdə Cənab İlham Əliyevin zəfər çalaraq yenidən Prezident seçilməsi Azərbaycan dövlətinin və xalqının siyasi həyatında daha möhtəşəm inkişaf mərhələsinin başlanğıcını qoydu. Əslində, bu qələbə yalnız ölkəmiz üçün deyil, eyni zamanda region, bütün türk dünyası, o cümlədən dünyadakı 50 milyonluq azərbaycanlılar üçün bir inkişaf tarixi yaradan liderin qətiyyətli və müdrik siyasi fəaliyyətinin labüd nəticəsi idi.

Yazımın sonunu məhz Prezident İlham Əliyev Cənablarının kəlamı ilə biritmək istərdim. Dövlət başçıımız tarixi çıxışlarının birində vurğulayıb ki, Azərbaycan bu gün dünya üçün çox önəmli tərəfdaşa çevrilib: "Hər bir məsələ ilə bağlı bizim prinsipial mövqeyimiz var. Azərbaycan hər bir beynəlxalq hadisə ilə bağlı öz prinsipial mövqeyini ifadə edir. Bu mövqe prinsiplər üzərində qurulub. Beynəlxalq hüquq və ədalət - bu iki prinsip hər bir ölkə üçün ən əsas prinsip olmalıdır. Bizim üçün bu, belədir. Bu gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən qaynaqlanır. Bizim tərəfdaşlarımız bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur". Cənab Prezident həmçinin vurğulayıb ki, Azərbaycan öz siyasətinə sadiqdir: "Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz".

Bu gün Azərbaycan xalqı ilk olaraq öz Liderinə arxalanır, Ona öz tükənməz inamını izhar edir. Ona görə də bu gün müstəqil, güclü, qətiyyətli və qürurlu Azərbaycan dövləti yaşayır və yaşadılır. Xalqımız isə məhz öz sevimli Prezidenti ətrafında daha da sıx biləşərək, ölkənin inkişaf və tərəqqisində inamla irəliləyir. BU YOL İSƏ ƏBƏDİ VƏ DÖNMƏZDİR!

NƏRİMAN ƏLİYEV,

Milli Məclisin deputatı

Digər xəbərlər