PDF Oxu

Siyasət

  • 38

Qəbələdə Fəttah Heydərovun seçki təbliğatı mütəşəkkilliklə davam edir

Qəbələdə Fəttah Heydərovun seçki təbliğatı mütəşəkkilliklə davam edir

"İnanırıq ki, sizlərin-dəyərli seçicilərimizin dəstəyi ilə biz bütün işlərimizin öhdəsindən bir daha layiqincə gələcəyik"

Artıq Milli Məclisə keçiriləcək seçkilərə 14 gün qalır. Bununla əlaqədar olaraq ölkəmizdə namizədlərin təbliğat-təşviqat kampaniyası aparılır. Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyi 116 saylı Qəbələ Seçki Dairəsindən irəli sürülmüş Fəttah Səməd oğlu Heydərovun seçki təbliğatı çərçivəsində seçiciləri ilə görüşləri mütəşəkkilliklə və uğurla davam edir.

Növbəti görüş 16 oktyabr 2015-ci ildə rayonun səhiyyə və təhsil sahəsində çalışan işçilərlə baş tutub. Seçicilərin cox həvəslə qatıldıqları görüşü namizədin səlahiyyətli nümayəndəsi Abil Ağasəfov açaraq Milli Məclisin üzvlüyünə namizəd Fəttah Heydərovun həyat və fəaliyyəti, seçki platforması haqqında seçicilərə geniş məlumat verib.

Sonra namizədin təbliğat qrupunun üzvlərindən Sabir Bayramov, Ceyhun Əhmədov, Müalicə-Diaqnostika Mərkəzinin səhiyyə işçilərindən Kamal Məmmədov, İlkin Mikayılzadə, Şəhla Məlikova, rayon qadınları adından Arifə Bayramova, təhsil işçiləri adından Elşad Abdurahmanov, Mehparə Musayeva, Məhəbbət Əliyeva, Ülviyyə Ağayeva və Vəfa İbrahimli çıxış edərək öz ürək sözlərini bildiriblər. Çıxışçılar ilk növbədə bildiriblər ki, Fəttah Heydərov nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda kifayət qədər tanınmış, nüfuz sahibi olan bir Vətən övladıdır. Onun ötən 5 il ərzində Qəbələdə gördüyü işlər ölkədə davam edən inkişafın təzahürüdür. Bu inkişaf və tərəqqi eyni zamanda Azərbaycanın bütün bölgələrini əhatə etməkdədir. Həmçinin, Qəbələnin dünyanın ən gözəl diyarlarından birinə çevrilməsi, buranın həm də beynəlxalq aləmdə bir mərkəzə çevrilməsi də vurğulanan fikirləri ehtiva etməkdədir.

Təbii ki, burada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Regionların inkişafına dair qəbul etdiyi Dövlət Proqramları"nın da mühüm rolu mövcuddur. Bu siyasət bilavasitə xalqımızın daha firavan yaşamasına yönəlmiş əhəmiyyətli addımlardandır. Məhz Fəttah Heydərov da fəaliyyət göstərdiyi hər zaman bu prinsiplərdən çıxış edərək, Qəbələnin inkişafına öz töhfələrini verməkdədir.

Çıxışlarda bir daha vurğulanıb ki, seçicilər öz sözlərinə sadiq qalaraq 1 noyabr 2015-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə Fəttah Heydərovu yekdilliklə dəstəkləyəcəklər.

Sonra söz deputatlığa namizəd Fəttah Heydərova verilib. O, çıxışında seçicilərlə görüşündən məmnun olduğunu bildirib və seçicilərin Milli Məclisə keçiriləcək seçkilərə maraqla yanaşdıqları üçün, eyni zamanda ona mütəşəkkilliklə dəstək verdikləri üçün hər kəsə minnətdar olduğunu deyib. Fəttah Heydərov vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf və tərəqqi strategiyası, eləcə də daxili və xarici siyasət faktoru bu gün Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Burada haqqında danışılan inkişaf və tərəqqi faktorunun da təməlində bu amillərin dayanması şəksizdir. Ümumiyyətlə, hər bir vətənsevər azərbaycanlı, eləcə də dəyərli qəbələlilər də bildirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurlar əldə olunur. Ümumidaxili məhsulun, sənayenin və kənd təsərrüfatının, orta aylıq əməkhaqqının və digər müavinətlərin artdığını, yoxsulluğun səviyyəsinin xeyli dərəcədə azaldığını vurğulayan Fəttah Heydərov, eyni zamanda bildirib ki, bütün əldə edilən nailiyyətlər də deməyə əsas verir ki, müstəqil dövlətimiz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində bundan sonra da inkişaf edəcək və xalq-hakimiyyət birliyi, sarsılmaz vəhdət bu davamlılığı hələ uzun illər saxlayacaq. Ona görə də bizlər, ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ətrafında sıx birləşməli, hər birimiz dövlətimizin inkişafında, tərəqqisinə öz töhfələrimizi verməliyik: "Təbii ki, mənə göstərilən etimad bundan sonra da aparılacaq işlərimizin mütəşəkkil qaydada aparılmasına stimul verir. Hər bir qəbələlinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün qarşıda görüləcək çox böyük işlərimiz var. Bu gün sözdə deyil, əməldə gördüyümüz işlər göz qarşısındadır. Millət vəkilinin də əsas hədəfi seçiciləri qarşısında alnıaçıq-üzüağ dayanmasıdır. Əminəm ki, biz bundan sonra da sizlərin, dəyərli seçicilərimizin qarşısına çıxarkən hər dəfə bu fərəhli anları yaşayacağıq. Çünki bizlərin hər birimizin ümdə məqsədi dövlətçiliyimizin inkişafına davamlı töhfələrimizi verməkdən ibarətdir. İnanırıq ki, sizlərin-dəyərli seçicilərimizin dəstəyi ilə biz bütün işlərimizin öhdəsindən bir daha layiqincə gələcəyik."

Sonra Fəttah Heydərov gələcək illərdə Qəbələdə görüləcək işlərdən və geniş miqyaslı planlardan danışıb.

O, çıxışının sonunda öz seçicilərinin seçki məntəqələrinə gəlmələrini və seçkilərdə fəallıq göstərməyi tövsiyə edib.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər