PDF Oxu

Siyasət

  • 23

"Milli Şura" Müsavatı Əkrəm Əylisli ilə "vurdu"

"Milli Şura" Müsavatı Əkrəm Əylisli ilə "vurdu"

VHP üzvü AXCP sədrinin təlimatlarını icra edir

Son günlər "Milli Şura" ilə Müsavat partiyası arasındakı münasibətlərdə yenidən gərginlik yaranıb. Buna səbəb isə Cəmil Həsənlinin sədri olduğu "Milli Şura" təmsilçisi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü Rafiq Manaflının qarşı tərəfin parlament seçkilərində iştirak etməsinə əks-münasibəti olub. Məhz bu istiqamətdə davam edən söz atışmaları ən sərt ittihamlarla əvəzlənib.

VHP üzvü bilavasitə AXCP sədri Əli Kərimlidən sifariş alıb

Müsavatın icra aparatının rəhbəri Gülağa Aslanlı "Milli Şura"nı, eləcə də bu qurumun təmsilçisi Rafiq Manaflını ittiham edərək bildirib ki, bu qurum əsas mübarizəni müxalifətin daxilinə keçirməyə cəhd edir. Müsavatçı funksioner qarşı tərəfi müxalifəti parçalamaqda, mənəm-mənəmlikdə suçlayıb. Xüsusilə, sosial şəbəkələrdə aparılan qarşıdurmaya "Milli Şura" üzvləri, o cümlədən AXCP təmsilçiləri qatılaraq, Müsavatı, o cümlədən seçkilərə qatılan digər müxalifət partiyalarını hakimiyyətə işləməkdə ittiham ediblər. Maraqlıdır ki, bu dəfə də daha çox fəallıq göstərən Rafiq Mnaflı olub. Yeri düşmükən, nədənsə daha çox VHP təmsilçisinin ortada var-gəl etməsinin isə maraqlı məqamlarının olması şübhəsizdir. Məsələn, artıq belə bir iddialar səslənir ki, "Milli Şura" adından çıxış edən VHP üzvü bilavasitə AXCP sədri Əli Kərimlidən sifariş alıb. Bu səbəbdən də, onun ittihamları da Kərimlisayaqdır. Beləliklə, Rafiq Manaflı bildirib ki, guya Gülağa Aslanlıya "hörmət edir", ona görə də müsavatçı funksionerlə sərt tonda danışmır.

"Özlərini müxalifətçi kimi qələmə verənlər də az deyil"

Ancaq bu ifadələrin, sadəcə boğazdan yuxarı səsləndiyini də görürük. Sitat: "Digər müsavatçı funksionerlərdən fərqli olaraq Gülağa Aslanlı verdiyi açıqlamalar zamanı etik qaydaları gözləyən şəxsdir... Ancaq təəssüflər olsun ki, Müsavatın hücumlarının əsas hədəflərindən biri də mənəm. İddia edirlər ki, guya "Milli Şura" mübarizəni müxalifət daxilinə keçirir…Əlbəttə, biz onların əksəriyyətini müxalifətçi hesab edirik, lakin özlərini müxalifətçi kimi qələmə verənlər də az deyil".

Göründüyü kimi, Manaflı qarşı tərəfi ittiham etməklə, onların iqtidarla iş birliyinə getdiklərini iddia edir. Ancaq Müsavat, ya da qeyri-müxalifət partiyalarının fəaliyyətlərindən də görünür ki, onların əksəriyyəti radikal çıxışlar edirlər. Bu baxımdan, Rafiq Manaflının seçkilərə qatılan müxalifət partiyalarının guya hakimiyyətlə anlaşmaya getməsi barədə iddiaları, yaxud da sözdə müxalifətçi olmaları barədə dediyi fikirləri də kökündən yanlışdır. O, sadəcə Əli Kərimlinin verdiyi əmrləri icra edir.

"Əkrəm Əylisli Müsavatın keçmiş divan üzvüdür…Qırmızı xətti keçərkən fikirləşmək lazımdır"

Ancaq sözügedən məsələdə daha bir vacib detal VHP-li "Milli Şura" üzvünün Müsavata bəzi xatırlatmalar etməsidir. Məsələn, o, yaxın tarixə müraciət edərək, Əkrəm Əylisli adından "məharətlə" istifadə edib. Məsələn, onun dediyinə görə, müsavatçılar unudurlar ki, parlamentdə ən azı Müsavatın keçmiş iki divan üzvü də oturur: "…Və ya Əkrəm Əylisli türk dünyasının ürəyindən vurub. Unudurlar ki, bu şəxs də Müsavatın keçmiş divan üzvüdür. Bəs bu məqamları niyə demirlər?".

Bununla yanaşı, Rafiq Manaflı deyib ki, qarşı tərəf münasibətləri "Rafiq Manaflı-Müsavat" qarşıdurması həddinə gətirməyə çalışır: "Mən heç yerdə Müsavatın adını çəkməmişəm. Yazdığım statusa üç nəfər Müsavat funksioneri heç bir etikanı, çərçivəni gözləmədən, tərbiyəsiz formada şərhlər yazıblar. Mən məsələni Müsavatın üzərinə gətirməmişəm. Mən Səxavət Soltanı, Elman Fəttahı tanımıram, illərlə onları görməsəm, yadıma düşməzlər. Bu adamların kompleksləri var, nə yazırsan öz üzərlərinə götürürlər. Heç bilmirəm Səxavətin, Elmanın neçə yaşı var. Bu adamlar məni nədə ittiham edəcəklər? Qırmızı xətti keçmək lazım deyil. Adamı ittiham edəndə düşünürlər ki, o nələr edib, mən nələr etmişəm. Qırmızı xətti keçərkən fikirləşmək lazımdır".

Göründüyü kimi, artıq seçki amili müxalifətin ənənəvi qanadını bir-birinə vurmaqla yanaşı, seçkilərsonrası proseslərdə də düşərgədə kəskin qarşıdurmalar yaşanacaq. Bu isə artıq ümxalifətin müxalifətçilik çərçivəsindən çıxaraq, tamamilə başqa bir əcaib siyasi məcradakı durumunu aşkar şəkildə göstərir.

Rövşən RƏSULOV

Digər xəbərlər