PDF Oxu

Siyasət

  • 30

YAP qarşıya qoyduğu yeni hədəflərə çatacaq

YAP qarşıya qoyduğu yeni hədəflərə çatacaq

Hikmət Babaoğlu: "Etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm"

Noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov 1-ci Seçki Dairəsindən deputatlığa namizədi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Nərimanov rayonunun seçiciləri ilə növbəti görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev qeyd edib ki, bu seçkilərdə də qələbə Yeni Azərbaycan Partiyasınındır. Bu amil partiya namizədlərinin parlament seçkilərinə böyük inamla getməsinə stimul verir. Təmraz Tağıyev seçicilərə məlumat verərək bildirib ki, 19 saylı Nərimanov 1-ci Seçki Dairəsindən partiyanın deputatlığa namizədi "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğludur. O, Hikmət Babaoğlunun tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti haqqında görüş iştirakçılarına geniş məlumat verərək, seçiciləri YAP-ın namizədinə dəstək verməyə dəvət edib.

Görüşdə çıxış edən Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, YAP Nərimanov rayon təşkilatının Seçki Qərargahının üzvü Miri Həsənov da, öz növbəsində bildirib ki, seçicilər hər zaman YAP-ın namizədini dəstəkləyir. Belə ki, rayonun bundan öncəki deputatının Əli Əhmədov olduğunu xatırladan Miri Həsənov onun rayonun inkişafı yönündə böyük işlər gördüyünü bildirib. Rayon Ağsaqqallar Şurasının sədri hər bir seçicini əmin edib ki, hazırkı deputatlığa namizəd Hikmət Babaoğlu da bu işləri davam etdirməyə qadir olan namizəddir: "Ona görə də hər birinizi seçkilərdə fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırıram".

Sonra çıxış edən Nərimanov rayon Ağsaqqallar Şurasının sədr müavini Ənvər Mehdiyev seçkilərdə YAP-ın namizədi Hikmət Babaoğluna uğurlar arzulayaraq, onun layiqli namizəd olduğunu vurğulayıb. Belə ki, özünün də deputatlığa namizəd olduğunu deyən Ənvər Mehdiyev məhz YAP-ın namizədinin xeyrinə öz namizədliyini geri götürdüyünü seçicilərin nəzərinə çatdırıb.

Çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini, Seçki Qərargahının üzvü Vaqif Novruzov da seçiciləri partiyanın namizədi Hikmət Babaoğluna səs verməyə çağırıb: "Seçkilərdə Hikmət müəllimə uğurlar arzulayıram. Əminəm ki, seçicilər YAP-ın namizədinə etimad göstərəcəklər. Hikmət Babaoğlunun elmi-siyasi potensialı yüksəkdir və bu potensialdan parlamentdə istifadə edəcəyinə əminik".

YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin sədri Yusif Babanlı isə çıxışında bildirib ki, YAP parlament seçkilərində nüfuzlu, ziyalı, cəmiyyətdə böyük hörmət sahibi olan şəxslərin namizədliyini irəli sürüb: "Hikmət Babaoğlu da məhz belə insanlardandır. İnanırıq ki, o, millət vəkili seçilərsə, rayonumuzu layiqincə parlamentdə təmsil edəcək".

Görüşdə çıxış edən şairə Mərcan Şahbuzlu da YAP-ın namizədi Hikmət Babaoğluna parlament seçkilərində uğurlar arzulayıb.

Seçicilər adından çıxış edən Fikrət Vəliyev bildirib ki, YAP-ın cəmiyyətdə nüfuzu olduqca yüksəkdir. Onun sözlərinə görə, Nərimanov rayonunun sakinləri partiyanın namizədinə səs verəcəklər: "Çünki biz deputatlığa namizədin nə qədər ziyalı insan olduğunu görürük. Əmin ola bilərsiniz ki, bizim məhəllənin sakinləri 1 noyabrda deputatlığa namizəd Hikmət Babaoğluna səs verəcəklər".

19 saylı Nərimanov birinci Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hikmət Babaoğlu seçiciləri salamlayaraq görüşə gəldikləri üçün təşəkkür edib. O, öncə görüş iştirakçılarını 18 oktyabr Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması günü münasibətilə təbrik edib: "Müstəqilliymizin ilk illərində Ulu Öndər Heydər Əliyev deyirdi ki, müstəqilliyi elan etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bundan da çətindir. Bu gün biz qürurla deyə bilərik ki, müstəqilliyimiz möhkəm təməllər üzərində qurulub. Prezidentimiz İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz müstəqilliyini təmin edib".

Məhz Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın üzvü olaraq seçkilərdə namizəd kimi iştirak etdiyi üçün fəxr hissi keçirdiyini bildirən Hikmət Babaoğlu deyib ki, partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib. Onun sözlərinə görə, bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam etməkdədir: "Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik. Ona görə ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin arxasında nəhəng siyasi güc və 700 minə yaxın insanın siyasi iradəsi dayanıb".

YAP-ın seçkilərə "Yeni hədəflərə doğru!" şüarı ilə getdiyini deyən deputatlığa namizəd partiyamızın və dövlətimizin bu hədəflərə nail olacağına əminliyini ifadə edib.

Görüşün sonunda seçicilər öz istək və arzularını, təkliflərini səsləndiriblər.

Mübariz QULİYEV

Digər xəbərlər