"Azərbaycan Prezidenti İlham Əliyev hər zaman Ermənistanda kriminal hakimiyyətin olmasını qeyd edib. Sözün həqiqi mənasında elədir. Çünki Ermənistanda faktiki olaraq bügünkü rejim diktatura və kriminala söykənir. Beləcə diktatura, kriminal rejim heç vaxt rasional qərarlar qəbul etmək iqtidarında deyil". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.Fond rəhbərinin sözlərinə görə, Ermənistan oturuşmuş dövlətə çevrilməyib: "Cənab Prezident tərəfindən də deyildiyi kimi, rəsmi İrəvan hansısa bir ölkənin forpostudur. Təbii ki, başqa ölkənin forpostu da heç vaxt müstəqil qərar qəbul edə bilməz. Digər tərəfdən beynəlxalq təşkilatlar, BMT, ayrı-ayrı beynəlxalq qurumlar, bəzi dövlətlər də Ermənistana münasibətdə ikili standartlardan yanaşırlar. Onlar Ermənistanın Azərbaycana təcavüzünü və təcavüz nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi məsələsini kəskin sürətdə ortaya qoymurlar. Bu, nəticədə təcavüzkarın daha da stimullaşdırılmasına gətirib çıxarır. Əslində təcavüzkarın stimullaşdırılması nəticəsində digər ölkələr də başqa ölkələri işğal etdilər. Rusiyanın Krımı işğal etməsi də buna nümunə ola bilər. Çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də BMT-nin qərarlarının, qətnamələrinin icrası ilə bağlı heç bir addım atılmır. Təbii ki, bu da BMT-nin özünün ayrı-ayrı məsələlərdə fərqli yanaşmasının göstəricisidir. Ona görə də bu gün BMT-nin özü də reformalara məruz qalıb".
sia.az