PDF Oxu

Siyasət

  • 36

Seçicilər YAP-ın namizədini coşqu ilə dəstəkləyirlər

Seçicilər YAP-ın namizədini coşqu ilə dəstəkləyirlər

"Bölgəmizdə yaşayan hər bir sakinin sosial-məişət və s. problemlərini dinləyib, onları həll etmək bizim həm vəzifə, həm də vətəndaşlıq borcumuzdur"

113 saylı Şəki Dairə Seçki Komissiyası ərazisində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən Mahmudov Yaqub Mikayıl oğlunun seçicilərlə növbəti görüşü keçirilib. Tədbirdə çıxış edən namizədin səlahiyyətli nümayəndəsi, YAP Şəki rayon təşkilatının sədri Həsən Həsənov qeyd edib ki, Yaqub Mahmudovun həyat və fəaliyyəti barədə ölkə ictimaiyyətində kifayət qədər məlumatlar var: "Yaqub müəllim bütün fəaliyyəti ilə öz doğma xalqına, Vətəninə bağlı olan nüfuzu ziyalılarımızdan biri kimi nəinki ölkəmizdə, o cümlədən, xaricdə də tanınır. Onun elmi-tarixi araşdırmaları, eləcə də siyasi-ictimai fəaliyyəti bir çoxları üçün örnəkdir".

Həsən Həsənov Yaqub Mahmudovun namizədliyi ölkənin avanqard siyasi gücü olan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülərkən ona etimad göstərilib və o, hər zaman bu etimadı doğrultmaq gücündə, iradəsindədir. Belə ki, burada daha bir amil partiyamızın Sədri, Cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətinin xalq tərəfindən dəstəklənməsidir: "Bu, həm də xalqın iqtidara olan inamının məntiqi nəticəsidir ki, Azərbaycan nəinki regionda, həmçinin beynəlxalq aləmdə söz sahibinə çevrilib. Eyni zamanda, ölkəmizin inkişafında qanunverici orqanımız olan Milli Məclisin, orada fəaliyyət göstərən deputatlarımızın da rolları əhəmiyyətlidir. Yaqub müəllim də YAP-ı təmsil edən bir millət vəkili kimi ötən dövrdə üzərinə götürdüyü bütün öhdəlikləri şərəflə, ləyaqətlə yerinə yetirib. Əminəm ki, bu dəfə də onun namizədliyi seçicilərimiz tərəfindən birmənalı olaraq dəstəklənəcək".

Görüşdə çıxış edən depudatlığa namizəd Yaqub Mahmudov bildirib ki, o, üzərində olan məsuliyyətin nə qədər ağır və çətin olduğunu bilir. Bu baxımdan, seçicilərin ona etimadı olarsa, dövlətinin, xalqının daha yaxşı rifahı üçün çalışmalı, bu işdə yorulmadan əzmkarlıq göstərməlidir: "Əlbəttə, bu mühüm amilləri hər zaman diqqətində saxlamalı olan millət vəkili öz seçicilərinin qarşısına çıxarkən, gördüyü işlərin hesabatını verməli, tez-tez seçicilərilə təmaslar qurmalıdır. Deputatlığa namziəd kimi, həm də seçki dairəsində yaşayan hər bir sakinin sosial-məişət və s. problemlərini dinləyib, onları həll etmək bizim həm vəzifə, həm də vətəndaşlıq borcumuzdur. Mən söz verirəm ki, daha öncə göstərdiyim fəaliyyətimi bu dəfə də uğurla icra edəcəyəm".

Sonra seçicilər öz namizədləri haqqında fikirlərini bildiriblər. Çıxış edənlər ötən dövr ərzində Yaqub Mahmudovun Şəkinin, rayonun ətraf qəsəbə və kəndlərinin sosial problemlərinin həllindəki roluna yüksək qiymət verərək, ona təklif və suallarla müraciət ediblər. Yaqub Mahmudov təklif və fikirləri dinlədikdən sonra, seçiciləri maraqlandıran sualları cavablandırıb, seçki platformasını daha geniş şəkildə şərh edib.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər