PDF Oxu

Siyasət

  • 29

Nəsib Məhəməliyevin təbliğat kampaniyası ikinci mərhələyə start verdi

Nəsib Məhəməliyevin təbliğat kampaniyası ikinci mərhələyə start verdi

Seçicilərlə görüşlər uğurla davam etdirilir

Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatı 1 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat kampaniyası çərçivəsində ikinci mərhələsinə başlayıb. Belə ki, dünən tədbirlər cədvəlinə uyğun olaraq YAP Balakən rayonunun inzibati binasında partiya tərəfindən namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin Qazbinə kəndinin seçiciləri, eləcə də bu ərazidə fəaliyyət göstərən müəssisə işçiləri ilə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə YAP Balakən rayon təşkilatının Seçki Qərargahının sədri Azad Balayev açaraq Nəsib Məhəməliyevin həyat və fəaliyyətilə bağlı geniş məlumatla çıxış edib və onun dövlətçiliyin möhkəmləndirilməsi istiqamətindəki rolundan bəhs edib. Qeyd edib ki, Nəsib Məhəməliyev müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik siyasi kursun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin yürütdüyü mütərəqqi siyasətini dəstəkləyən və öndə gedən insanlardan biri kimi hər zaman cəmiyyətdə seçilib: "O öz elinə-obasına, xalqına yararlı bir YAP təmsilçisi kimi dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində əzmlə çalışan nümunəvi ictimai-siyasi xadimdir. Bu baxımdan, hər bir seçicimizi məhz YAP-ın namizədinə səs verməyə çağırıram".

Sonra təbliğat-təşviqat kampaniyasının birinci mərhələsində keçirilən görüşlərə yekun vurulub və deputatlığa namizəd Nəsib Məhəməliyev seçicilərin qaldırdığı problemlərə, ideya və təkliflərinə aydınlıq gətirib. O, qeyd edib ki, Azərbaycanın daha da güclənməsi üçün Vətənini, dövlətini sevən hər bir kəs məhz Prezident İlham Əliyevin istiqamətləndirdiyi mütərəqqi siyasətin arxasında vahid şəkildə birləşməlidir. Bu baxımdan, YAP-ın namizədlərinin parlamentə seçilməsi, Milli Məclisdə say çoxluğu təşkil etməsi də bu uğurların tərkib hissəsidir. Nəsib Məhəməliyev partiyanın ona etimad göstərdiyinə görə təşkilat rəhbərliyinə təşəkkürlərini də bildirərək deyib ki, onun qarşısında dayanan əsas vəzifələrdən biri də həm partiyanın həm də seçiləcəyi təqdirdə seçicilərin etimadını doğrultmaq, üzərinə götürdüyü öhdəlikləri uğurla icra etməkdən ibarətdir.

Daha sonra seçicilər adından çıxış edən rayon Ağsaqqallar Şurasının üzvü Mürsəl Mikayılov bildirib ki, rayon ictimaiyyəti hər zaman bütün seçkilərdə mütəşəkkilliklə iştirak edərək, məhz YAP-ın siyasi xəttini dəstəkləyiblər. O, YAP Balakən rayon təşkilatının 2015-ci ilin seçkiləri ilə bağlı gördüyü işlərdən, seçki qərargahı üzvləri arasında iş bölgüsündən danışıb və rayon ağsaqqallarının deputatlığa namizəd Nəsib Məhəməliyevi dəstəklədiklərini vurğulayıb.

Rayon səhiyyə işçiləri adından çıxış edən Balakən rayon xəstəxanasının baş həkiminin müavini Məmməd Əhmədov Nəsib Məhəməliyevin Balakən rayonunda rəhbər olduğu illəri yada salmaqla yanaşı, onun namizədliyinin səhiyyə işçiləri tərəfindən yüksək əhval-ruhiyyə doğurduğunu xüsusilə qeyd edib.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasından 109 saylı Balakən DSK-dan namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev növbəti dəfə söz alaraq, rayon seçicilərini əmin edib ki, 1 noyabr seçkilərində millət vəkili seçilərsə seçicilərin müraciətlərini yerinə yetirmək üçün əlində olan imkanlarını əsirgəməyəcək, rayonun, eləcə də kənd və qəsəbələrin infrastruktur, sosial, məişət problemlərinin yerindəcə həll edilməsinə səylə çalışacaqdır.

Deputatlığa namizədlə görüş diskussiya və səmimi söhbət fonunda başa çatıb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər