Dünən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən irəli sürülmüş Elman Nəsirovun Ağdaş rayonunun Ləki qəsəbəsindən, eləcə də Güvəkənd və Binələr kəndlərindən olan seçicilərilə görüşü keçirilib. Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov və Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin üzvüləri, eləcə də yerli təbliğat qrupunun üzvləri iştirak və çıxış etmişlər.
Görüşü Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin sədri Cavid Osmanov açaraq deputatlığa namizəd Elman Nəsirovun tərcümeyi halı ilə seçiciləri yaxından tanış edib. Keçirilən bütün seçkilərdə ağdaşlı seçicilərin hər zaman fəallıq nümayiş etdirdiyini, bu ənənəyə sadiq qalaraq bu seçkilərin də yüksək səviyyədə keçəcəyinə əmin olduğunu vurğulayıb.
Deputatlığa namizəd Elman Nəsirov çıxışında seçkilərə "Yeni hədəflərə doğru!" şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın həyatındakı rolundan bəhs etdi, ötən 12 il ərzində respublikada iqtisadi, sosial təminat, təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində qazanılan uğurlardan, həyata keçirilən infrastruktur layihələrdən danışdı. Deputat seçiləcəyi təqdirdə, seçicilərinin maraqlarını müdafiə edəcəyini, yaşayış məntəqələrində olan problemlərin yuxarı instansiyalar qarşısında məsələlər qaldırmaqla həll olunmasına çalışacağını bildirib.
Çıxış edən yerli təbliğat qrupunun üzvləri Güvəkənd Ağsaqqallar Şurasının sədri Məmmədsöyün Rüstəmov, Ləki qəsəbə Ağsaqqallar Şurasının sədri Misir Misirov, Binələr kənd sakini, partiya fəalı İnqilab Musayev olkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin siyasətini bəyəndiklərini bildirdilər. Noyabr ayının 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ağdaşlıların artıq seçim etdiklərini vurğulayaraq qeyd etdilər ki, təmsil etdikləri qəsəbə və kəndlərin seçiciləri partiyamızın irəli sürdüyü namizədi - Elman Nəsirovu dəstəkləyərək, ona səs verəcəklər.
Samir