"Avropaya miqrantların gəlməsi böyük bir təhlükəsizlik məsələsidir". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Ekspertin sözlərinə görə, bunun hümanitar tərəfdən başqa təhlükəsizlik aspektləri də var: "Çünki dinc əhali ilə bərabər Avropa ölkələrinə və digər inkişaf etmiş ölkələrə onların arasından keçmiş terrorçular, cinayətkarlar da keçə bilər. Ona görə də Avropada miqrant axınının qarşısının alınması üçün hökumətlərin ordunun, hüquq-mühafizə orqanlarının bu proseslərə cəlb etməsi müəyyən dərəcədə məntiqə uyğundur. Əsas odur ki, bu, əsassız zorakılığı gətirib çıxarmasın".T.Vahabov əlavə edib ki, miqrant problemi məsələsinə qlobal baxılmalıdır: "Ümumiyyətlə bu, Qərb (həm Avropa ölkələri, həm də ABŞ) üçün böyük dərs olmalıdır. Yaxın Şərqdə, Şimali Afrikada məhz onların yürütdüyü xarici siyasətin və hərbi əməliyyatların nəticəsidir ki, miqrant axını böyük vüsət alıb. Ona görə də bu məsələlər onları düşündürməlidir. Onlar bu haqda addımlar atmalıdırlar ki, həmin proseslər bir də təkrarlanmasın".
sia.az